Görkəmli animasiya ustası Arif Məhərrəmov vəfat edib

Azərbaycan Respublikasının Əməkdar rəssamı, görkəmli animasiya ustası, rəssam, rejissor, Azərbaycanın və Latviyanın Rəssamlar İttifaqının üzvü Arif Məhərrəmov 74 yaşında dünyasını dəyişib.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, Arif Əli oğlu Məhərrəmov 5 avqust 1948-ci ildə anadan olub. 1972-ci ildə Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbini, 1981-ci ildə Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun rəssamlıq fakültəsini bitirib. Təhsili bitirdikdən sonra “Azərbaycanfilm” kinostudiyasında çalışıb. Bir çox bədii filmlərdə quruluşçu rəssam, cizgi filmlərində rəssam və rejissor kimi çalışıb. Janr və mövzu müxtəlifliyilə seçilən həmin filmlərdə rəssam özünəməxsus dəst-xəttilə seçilib.

“İşgüzar səfər” (1982, tammetrajlı bədii film) – geyim rəssamı, “Qocalar, qocalar (1982, tammetrajlı bədii film) – geyim rəssamı, “Yeddi gözəl” (1982, tammetrajlı bədii film) – rəssam, “Münəccimin şagirdi” (1983, animasiya filmi) – rejissor, rəssam, “Yatmaq vaxtıdır” (1984, animasiya filmi) – rejissor, “Gəldi kosa” (1988, animasiya filmi) – rejissor, rəssam, “Xrizantema yarpağı” (1989, animasiya filmi) – ssenari müəllifi, rəssam, “Qaravəlli” (1989, animasiya filmi) – rejissor, ssenari müəllifi, rəssam, “Kitabi Dədə Qorqud. Səkrəyin dastanı” (1990, animasiya filmi) – rejissor, ssenari müəllifi, rəssam, “O dünyadan salam” (1991, tammetrajlı bədii film) – rəssam, “Qaravəlli 2” (1992, animasiya filmi) – rejissor, ssenari müəllifi, rəssam, “Molla Nəsrəddin lətifələri” (1993, animasiya filmi) – rejissor, ssenari müəllifi, rəssam, prodüser, “Basat və Təpəgöz” (2003, animasiya filmi) – rejissor, ssenari müəllifi, rəssam, “Biz qayıdacağıq” (2007, tammetrajlı bədii film) – aktyor, “Qala” (2008, tammetrajlı bədii film) – rəssam, “İt sərgisi” (2010, animasiya filmi) – rejissor, rəssam, animasiya rəssamı, “Cırtdan və Təpəgöz” (2012, animasiya filmi) – rejissor, “Ən güclü kimdir?” (2014, animasiya filmi) – rejissor, “Mənim balaca şahzadəm” (2018, animasiya filmi) – rejissor və s. filmlərdə onun dəst-xətti xüsusilə seçilir.

Rəngkarlıq əsərləri Azərbaycanda və xarici ölkələrdə sərgilərdə nümayiş etdirilən A.Məhərrəmov bir müddət Latviyada yaşayıb və orada fəaliyyət göstərib.

Allah rəhmət eləsin!

Leave a Reply Cancel reply