Blefaroblastika, “Qara su”, uşaqlarda görmə itiliyi, kompüterin gözə təsiri – Həkim məsləhəti – VİDEO

Səhiyyə Nazirliyinin növbəti canlı yayımının mövzusu göz xəstəlikləri haqqında olub. Nazirliyinin rəsmi İnstagram hesabına gələn suallar əsasən Blefaroblastika, “Qara su”, uşaqlarda görmə itiliyi, kompüterin gözə təsiri ilə bağlı olub.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, əhalini narahat edən sualları Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, oftalmoloq-cərrah Nigar Həsənova cavablandırıb.

Espertin sözlərinə əsasən, uşaqların göz sağlamlığını qorumaq üçün onları uşaq yaşlarından kiçik ekranlardan uzaq tutmaq lazımdır: “Dövrün tələbinə uyğun olaraq çox zaman valideynlər uşaqlara planşet və telefonlar verirlər. Lakin bu düzgün deyil. Uşaqları daha çox həyətdə, açıq havada oynamağa təşviq etmək lazımdır. Kiçik ekran istifadəçisi olan uşaqlarda görmə qabiliyyəti tez korlana bilər. Nəzarətsiz istifadə xoşagəlməz hallarla nəticələnə bilər. Ona görə ən azı ildə bir dəfə uşaqların görmə itiliyi yoxlanmalıdır. Valideynlər bilməlidirlər ki, uşaqlar gözlərinin görmə itiliyi 10 faizə düşməyənədək gözlərinin zəiflədiyini bilmirlər”.

Müasir texnologiyalar, o cümlədən kompüterlər, böyük nəslin nümayəndələrinin göz sağlamlığına ziyan vurur: “Gözdə batma və quruluq kompüter ekranı qarşısında işləyən insanlar arasında daha çox yayılıb. Pasiyentlərdən ən çox bununla bağlı şikayətlər daxil olur. Biz ekrana baxdığımız zaman gözümüzü normadan az qırpırıq. Bu hal bir müddət sonra sözügedən xəstəliyə səbəb olur. Qarşısını almaq üçün nəmləndirici damlalardan istifadə edin və gözünüzü tez-tez qırpmağa çalışın. Əgər işiniz ekran arxasında deyilsə və gözdə batma, quruluq kimi şikayətiniz varsa, o zaman mütləq şəkildə mütəxəssisə müraciət edin”.

Blefaroplastika (göz qapaqlarının formasını dəyişdirmək üçün icra edilən əməliyyat) ilə bağlı sualı cavablandıraraq ekspert qeyd edib ki, son zamanlar bu kosmetik xarakter daşıyan əməliyyata müraciət edənlərin sayı çoxalıb: “Blefaroplastika üst və alt olmaqla iki yerə bölünür. Bu əməliyyatı etdirmək istəyən pasiyentlər həkim seçimində diqqətli olmalı və mütəxəssisə müraciət etməlidirlər. Əməliyyat düzgün edilməzsə, göz qapaqlarının bağlanmaması və simmetriyada pozulmalar qeydə alına bilər, lakin əməliyyatın gözün görmə itiliyinin pozulmasına heç bir təsiri yoxdur”. 

Həkim həmçinin El arasında “Qara su” kimi tanınan qlaukoma xəstəliyinin yaranma səbəblərinidə açıqlayıb: “Yüksək göz daxili təzyiq nəticəsində görmə sinirinin zədələnməsi, bununla da xəstənin görmə sahəsinin tədricən daralması və müalicə olunmadığı təqdirdə görmənin geridönməz itirilməsinə səbəb olan qlaukoma xəstəliyi əlamətsiz şəkildə inkişaf edir. Biz çox zaman pasiyentlərin bu xəstəliyə düçar olduğunu təsadüfən öyrənirik. “Qara su” xəstəliyindən əziyyət çəkdiyinizi bilmədən ani şəkildə görməni itirə bilərsiniz. Ona görə də erkən diaqnoz bu xəstəliyin müalicəsində əsas faktordur”

Həkim 40 yaşdan sonra ildə bir dəfə həkim müayinəsindən keçmək lazım olduğunu vurğulayıb.

Leave a Reply