Ağdamın “Qarabağ” komandası UEFA Çempionlar Liqasının növbəti mərhələsinə vəsiqə qazanıb

“Qarabağ” (Ağdam) komandası UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsində cavab oyununa çıxıb.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, “Qarabağ”ın rəqibi Macarıstan çempionu “Ferentsvaroş” klubu olub.

Budapeştdəki “Groupama Arena”da oynanılan matç Azərbaycan çempionunun 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.

İspaniyalı baş hakim Karlos del Serro Qrandenin idarə etdiyi qarşılaşmada hesab yeddinci dəqiqədə açılıb. “Qarabağ”ın heyətində Kadi Borgesin məhsuldar ötürməsindən sonra Abdullah Zubir fərqlənib. Matçın birinci hissəsi 1:0 hesablı “Qarabağ”ın üstünlüyü ilə başa çatıb.

Qurban Qurbanovun baş məşqçi olduğu komanda 55-ci dəqiqədə hesab arasındakı fərqi ikiyə çatdırıb. Kadi Borgesin ötürməsindən sonra İbrahima Vadji rəqibin qapısından ikinci topu keçirib. Rəqibin qapısına növbəti qolu görüşün 78-ci dəqiqəsində Ramil Şeydayevin ötürməsindən sonra dubl edən İbrahima Vadji vurub. 86-cı dəqiqədə görüşdə dördüncü qol vurulub. “Ferentsvaroş” heyətində Adama Traore hesab arasındakı fərqi azaldıb.

Beləliklə, üçüncü təsnifat mərhələsinin ilk qarşılaşmasında Bakıda Macarıstanın çempionu ilə 1:1 hesablı heç-heçə edən Qurban Qurbanovun yetirmələri Budapeştdə rəqibinə qalib gəlib və iki oyunun nəticəsinə görə növbəti mərhələyə yüksəlib.

Azərbaycan futbolu tarixində ikinci dəfə təmsilçimiz Çempionlar Liqasının pley-offunda oynayacaq. Eyni zamanda, bu oyunda “Qarabağ” UEFA Avropa Liqasında qrup mərhələsinə vəsiqəni təmin edib.

Azərbaycan təmsilçisinin növbəti – pley-off mərhələsindəki rəqibi Moldovanın “Şerif” komandasından 2:1 hesabı ilə üstün olan Çexiyanın “Viktoriya” komandası olacaq. Bu cütün qalibi isə Çempionlar Liqasının qrup mərhələsində oynayacaq.

Qeyd edək ki, pley-off mərhələsinin ilk matçları avqustun 16-17-də, cavab görüşləri isə 23-24-də təşkil olunacaq.

Leave a Reply Cancel reply