“Göyçə təndiri”nin “pərdəarxası” görüntüləri açıqlanıb

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) qida təhlükəsizliyinin təmin edilməsi, istehlakçı hüquqlarının müdafiəsi istiqamətində tədbirlər çərçivəsində “Göyçə təndiri” kulinar məmulatların istehsalı və satışı müəssisəsində yoxlama aparıb.    

TIME rəsmi mənbəyə istinadən bildirir ki, agentlik əməkdaşları tərəfindən Bakı şəhəri, Nizami rayonu, Babək prospekti, NZS qəsəbəsi, Y.Səfərov küçəsində fəaliyyət göstərən fiziki şəxs Həsənov Rafiq Süleyman oğluna məxsus “Göyçə təndiri” kulinar məmulatların istehsalı və satışı müəssisəsində aparılmış plandankənar yoxlama zamanı qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların, sanitariya norma və qaydalarının tələblərinin pozulduğu müəyyən edilib.

Belə ki, müəssisədə sanitar-gigiyenik qaydalara, texnoloji ardıcıllığa, mal qonşuluğu prinsipinə və temperatur rejminə riayət olunmadığı,  havalandırma sisteminin quraşdırılmadığı, işçi heyətin tibbi müayinədən keçmədiyi və xüsusi geyimlə tam təmin edilmədiyi, həmçinin müvafiq təmizlik işlərinin aparılmadığı və digər nöqsanlar aşkar olunub. Müəyyən edilmiş nöqsanlarla bağlı müəssisə rəhbəri inzibati məsuliyyətə cəlb olunub, müəssisənin fəaliyyəti məhdudlaşdırılıb.

AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi üçün ardıcıl tədbirlərini davam etdirir və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısının alınması istiqamətində müvafiq addımlar atır.

Leave a Reply Cancel reply