DOST Agentliyinin yaradılmasından 4 il ötür

Bu müddət ərzində DOST mərkəzlərində 1 milyondan çox vətəndaşa xidmət göstərilib.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, bu gün Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin (DOST) 4 yaşı tamam olur. DOST Agentliyi Prezident İlham Əliyevin 9 avqust 2018-ci il tarixli 229 nömrəli Fərmanı ilə yaradılıb.

1 / 9

Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə yaradılan DOST mərkəzlərində 154 dövlət sosial xidmətləri bir pəncərədən, şəffaf və operativ, vətəndaş rahatlığı və sadə prosedurlar əsasında vətəndaşlara təqdim olunur.

İndiyədək DOST Mərkəzlərində 1 milyondan çox vətəndaşa xidmət göstərilib və vətəndaşların bu xidmətlərdən məmnunluq səviyyəsi 98,1 % olub.

DOST mərkəzləri şəbəkəsi ilbəil genişlənməkdədir. İndiyədək Bakı şəhərini və Abşeron rayonunu əhatə edən 5 DOST mərkəzi açılıb. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında ordumuzun işğaldan azad etdiyi ərazilərdə də DOST konsepsiyasının tətbiqinə başlanıb. Artıq Zəngilanın Ağalı kəndində ilk “Smart DOST” məntəqəsi istifadəyə verilib. Paralel olaraq Bakı şəhərində sonuncu DOST mərkəzinin, həmçinin Şuşa, Sumqayıt, Gəncə, Bərdə, Quba və digər regionlarda mərkəzlərin yekun layihələndirmə-tikinti işləri aparılmaqdadır.

“Çağrı Mərkəzi” tərəfindən isə ötən dövr ərzində 2,7 milyon vətəndaş müraciəti cavablandırılıb. Fəaliyyəti dövründə DOST Agentliyi ictimai iştirakçılığın təşkili, könüllü hərəkatına dəstək, gənclər siyasətinə dəstək, dövlət-vətəndaş münasibətlərinin inkişafı, yüksək keyfiyyətli xidmət, gənclərin əmək bazarına hazırlığı və fəal yaşlanmanın təmin olunması məqsədilə “Könüllü DOST” proqramını icra edib. Agentlikdə könüllülük fəaliyyəti 5 istiqamətdə – “Gənc DOST”, “Gümüşü DOST”, “İnklüziv DOST”, “Korporativ DOST” və “Distant DOST” altproqramları təşkil edilib.

DOST Agentliyinin fəaliyyəti beynəlxalq arenada da yüksək qiymətləndirilir. Bunun nəticəsidir ki, Agentlik bu il 5 beynəlxalq mükafatla, o cümlədən Avropa Sosial Şəbəkəsinin Avropa Sosial Xidmətlər Mükafatı ilə təltif edilib. DOST mərkəzləri “Avropa İttifaqı Biznes Mühiti Hesabatı-2021”də təkmil islahat kimi dəyərləndirilib. Həmçinin dünyada məşhur olan LRQA sertifikatlaşdırma (Böyük Britaniya) təşkilatı tərəfindən 4 istiqamət üzrə ISO sertifikatlarına layiq görülüb.

Leave a ReplyCancel reply