Azərbaycanda Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzi yaradılacaq

Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarına əsasən Səhiyyə Nazirliyinin tabeliyində “Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzi” publik hüquqi şəxsin yaradılacaq.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, qərara əsasən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tabeliyində “Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzi”
publik hüquqi şəxs yaradılsın.

“Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinin Nizamnaməsi” təsdiq edilsin (1 nömrəli əlavə).

“Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinin Strukturu” təsdiq edilsin.

Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinin (bundan sonra – Koordinasiya Mərkəzi) işçilərinin say həddi 30 ştat vahidi müəyyən edilsin.

Müəyyən edilsin ki:

  • Koordinasiya Mərkəzinin nizamnamə fondu 300 000 (üç yüz min) manat təşkil edir və Koordinasiya Mərkəzinin əsas vəsaiti hesabına formalaşır;
  • Koordinasiya Mərkəzi “İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında” Azərbaycan Respublikası Qanununun 9.3-cü maddəsinə əsasən orqan donorluğu və transplantasiya fəaliyyətini həyata keçirə bilməz.

Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi Koordinasiya Mərkəzinin dövlət qeydiyyatına alınması üçün bu Qərarın qüvvəyə mindiyi tarixdən 3 (üç) gün müddətində “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə müraciət etsin.

Bu Qərarda dəyişiklik Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 24 avqust tarixli 772 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının hazırlanması və qəbul edilməsi qaydası haqqında Əsasnamə”nin 2.6-1-ci bəndinə uyğun edilə bilər.

Leave a Reply Cancel reply