“Şuşa mədəniyyətinin inciləri”: Şəmsi Bədəlbəyli

Mədəniyyət Nazirliyinin “Şuşa mədəniyyətinin inciləri” layihəsi müxtəlif bölmələr üzrə təqdimatlarla davam edir. “Şuşa İli” münasibətilə həyata keçirilən layihənin “Şuşanın simaları” bölməsinin növbəti təqdimatı Şəmsi Bədəlbəyliyə həsr olunub.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, Şəmsi Bədəlbəyli 1911-ci il fevralın 23-də Azərbaycanın dilbər guşəsi Şuşada anadan olub. Orta məktəbi bitirdikdən sonra atası kimi müəllim olmaq istəyi onu Bakı Pedaqoji Texnikumuna gətirir. Hələ yeniyetmə çağlarından musiqiyə həvəs göstərən Şəmsi qardaşı Əfrasiyabın məsləhəti ilə Azərbaycan Dövlət Konservatoriyasında Üzeyir Hacıbəylinin sinfində təhsil alıb. Dövrün məşhur dramaturqu Cəfər Cabbarlı ilə Əfrasiyab Bədəlbəylinin dostluğu, onların teatrla, musiqi ilə bağlı söhbətləri Şəmsini də özünə çəkib.

1932-ci ildən Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında əmək fəaliyyətinə başlayan Şəmsi Bədəlbəyli bu teatrda on il rejissor vəzifəsində çalışıb. Sənətkarın 1939-cu ildə quruluş verdiyi “Ölülər” komediyası da ona olduqca şöhrət gətirib.

Sənətkar burada öz həmkarları ilə birlikdə “Vətən uğrunda” qəzetində ədəbi işçi kimi çalışıb, həm mədəniyyət mövzusunda məqalələr yazıb, həm də həvəskar aktyorlarla birlikdə Ü.Hacıbəylinin “Arşın mal alan”, Zülfüqar Hacıbəylinin “Əlli yaşında cavan”, “Evli ikən subay” əsərlərini tamaşaya qoyub.

1943-cü ildə Bakıda Musiqili Komediya Teatrı yaradılır və Ş.Bədəlbəyli həmin teatra rejissor təyin edilir.

O, bir rejissor kimi dramaturqun ideyasını, bəstəkarın musiqisini, aktyorun ifasını səhnədə təcəssüm etdirə bilirdi. O, bu teatrın həm bədii rəhbəri, həm də direktoru vəzifəsində müxtəlif illərdə və fasilələrlə çalışmışdı. Bir müddət də filarmoniyanın bədii rəhbəri və direktoru olan Ş.Bədəlbəyli 1976-cı ildən ömrünün sonuna kimi Teatr Cəmiyyətinin sədri vəzifəsində də səmərəli fəaliyyət göstərib.

Rejissor Opera və Balet Teatrında “Koroğlu”, “Əsli və Kərəm”, “Sevilya bərbəri” kimi operalara da quruluş verib.

Bütün varlığı ilə Azərbaycan mədəniyyətinə xidmət edən Ş.Bədəlbəyli kino sənətinin də inkişafında öz əməyini əsirgəməyib. Hətta bir sıra bədii və sənədli filmlərdə aktyor kimi də iştirak edib. Bu gün də həmin filmlərə (“O qızı tapın”, “Axırıncı aşırım”, “Xatirələr sahili” və s.) baxanda Şəmsi Bədəlbəylinin həyat verdiyi rollar diqqət çəkir.

Mənsub olduğu millətin mədəniyyətinin, teatr və musiqi sənətinin inkişafı naminə yorulmadan çalışan Şəmsi Bədəlbəyli Azərbaycan mədəniyyət tarixində silinməz iz qoyub.

Leave a Reply