III Sevil Beynəlxalq Qadın Sənədli Film Festivalının proqramı açıqlanıb

III Sevil Beynəlxalq Qadın Sənədli Film Festivalı 13-20 avqust tarixlərində baş tutacaq. Qadın Film Festivalı olaraq əsas fəaliyyətini sənədli filmlər və müzakirələr vasitəsi ilə gender məsələlərini ölkəmizdə diqqət mərkəzində saxlamaq olan festivalın bu ilki şüarı “Bizdən sizə kim düşə?” olacaq.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, festival proqramının önəmli bir hissəsi olan  “Festivallardan seçmələr” bölməsi nüfuzlu festivallardan mükafatlar qazanmış son illərin ən məşhur sənədli filmləri ilə zəngindir. Xüsusilə dünya primyerasını 2019-cu ilə Sundance film festivalında etmiş Tamara Kotevska və Lyubomir Stefanov tərəfindən çəkilmiş “Bal ölkəsi” filmi bu bölmənin ən parlaq filmlərindən biridir. Festival həyatı olduqca zəngin olan film 2010-cu ildə Sundance Film Festivalında üç mükafat və 92-ci Akademiya Mükafatlarında Ən Yaxşı Beynəlxalq Bədii Film və Ən Yaxşı Sənədli Film kateqoriyalarında iki nominasiya daxil olmaqla, kinofestivallarda çoxsaylı mükafatlar və nominasiyalar qazanıb. “Bal ölkəsi” filmi Oskar tarixində hər iki kateqoriya üzrə nominasiya qazanan ilk sənədli filmdir. “Festivallardan seçmələr” bölməsinə daxil olan digər filmlər aşağıdakılardır:

  • “Sevgilərlə, atan” – 13 dəqiqə (Diana Cam Van Nguyen) – Çexiya
  • “Dördüncü divar” – 10 dəqiqə (Mahboobeh Kalaee) – İran
  • “Ölümünə boşanmaq” – 80 dəqiqə (Chloe Fairweather) – Birləşmiş Krallıq, Norveç, Türkiyə, Almaniya
  • “Sincarın mələkləri” – 113 dəqiqə (Hanna Polak) – Polşa, Almaniya
  • “Ailənin rentgenoqramı” – 81 dəqiqə (Firuzeh Khosrovani) – İran, Norveç, İsveçrə
  • “İstədiyim kimi” – 88 dəqiqə (Samaher Alqadi) – Misir, Norveç, Fransa, Fələstin, Almaniya
  • “Dəcəl uşaqlar” – 93 dəqiqə (Ahmet Necdet Cupur) Türkiyə, Fransa, Türkiyə, Almaniya
  • “Bütün vəhşilər insandır” – 17 dəqiqə (Helen Spooner, Hugh Davies) – Azərbaycan, Birləşmiş Krallıq

Müsabiqə proqramında iştirak edəcək yerli və beynəlxalq müəlliflərə məxsus uzun və qısametraj sənədli filmlər də artıq məlumdur. Belə ki, Seçki komissiyasının onlarla film arasından seçdiyi bu filmlər yerli və xarici münsiflər heyəti tərəfindən qiymətləndiriləcək. Festivalın qapanış  günü qaliblər elan ediləcək.

“Ən yaxşı tammetraj sənədli film” nominasiyasında yarışacaq filmlər:

  • “Seçim” – 42 dəqiqə, Mansoureh Radfar – İran
  • “Ama-Das” – 71 dəqiqə, Marga Gutiérrez – İspaniya
  • “Lunàdigas – və ya analıqdan imtina haqqında” – 78 dəqiqə, Nicoletta Nesler, Marilisa Piga – İtaliya
  • “Mən ölüncə yaşa” – 83 dəqiqə, Gustav Ågerstrand, Åsa Ekman, Oscar Hedin Hetteberg, Anders Teigen – İsveç
  • “Kədər tərbiyəçisi” – 66 dəqiqə, Mina Laamo – Finlandiya
  • “Kimliyin səsi” – 90 dəqiqə, James Kicklighter – ABŞ

“Ən yaxşı beynəlxalq qısa sənədli film” nominasiyasında yarışacaq filmlər:

  • “Bonita” – 25 dəqiqə, Marina França- Brazilya
  • “Roza ilə rəqs” – 20 dəqiqə, Robert Munoz Ruperez- İspaniya
  • “Sükut içində pıçıltı” – 20 dəqiqə, Sarqol Eslamlan- İran
  • “Dinlə məni” – 16 dəqiqə, Paula Armijo- İspaniya
  • “Çöl çiçəkləri” – 20 dəqiqə, Mariana X. Rivera- Meksika
  • “Əzizim, sən buna layiqsən” – 29 dəqiqə, Lamiaa İdriss- Misir

“Ən yaxşı yerli qısa sənədli film” nominasiyasında yarışacaq filmlər:

  • “A və 24 digərləri” – 18 dəqiqə, Vüsalə Hacıyeva-Azərbaycan
  • “Köz Təndir” – 17 dəqiqə, Səməd Ağayev- Azərbaycan
  • “Unudulmuş arzular” – 25 dəqiqə, Aynur Kazımova- Azərbaycan
  • “Üfürülməmiş şamlar” – 15 dəqiqə, Atanur Nəbiyeva- Azərbaycan
  • “Gediş” – 16 dəqiqə, Hunay Saday- Azərbaycan

Film nümayişlərindən əlavə festivalın proqramı xarici rejissorların ustad dərsləri və müxtəlif başlıqlı panel müzakirələrlə də zəngindir. İstər gender məslələri, istər sənədli film mövzuları barəsində aparılacaq panel müzakirələr festival boyu davam edəcək. Müxtəlif ölkələrin kino mütəxəsisləri Jean Mouin, Marina Belikova, “Bal ölkəsi” filminin rejissorlarından Tamara Kotevska da ustad dərsləri baş tutacaq müəlliflər sırasındadır.

Yeri gəlmişkən, Sevil Beynəlxalq Qadın Film Festivalı bu il Polşanın Vistula festivalı ilə də əməkdaşlıq edir. Belə ki, III Sevil Beynəlxalq Qadın Sənədli Film Festivalı çərçivəsində baş tutacaq VII “Visla” Polşa filmlərinin festivalı üç  tammetrajlı, bir qısametrajlı Polşa sənədli filminin nümayişindən ibarətdir:

  • “Mənə Mariana deyin” – 75 dəqiqə, Karolina Beliavska
  • “Məcburi proqram” – 72 dəqiqə, Eva Koçanska
  • “Kəndlililər” – 72 dəqiqə, Karol Palka
  • “Janna Dark” – 30 dəqiqə, Aleksandr Şamalek

Festivalın Fransa Institutu ilə apardığı əməkdaşlıq çərçivəsində isə Sébastien Lifshitz-in Petite Fille – “Balaca qız” filmi nümayiş ediləcək.

Xatırladaq ki, festivalın maliyyə dəstəkçiləri USAİD və Azərbaycan Kinematoqrafçılar İttifaqıdır.

Leave a Reply Cancel reply