Zəngəzur dəhlizinin tikintisi üzrə işlərin böyük hissəsi yerinə yetirilib

Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun (Zəngəzur dəhlizi) tikintisi sürətlə davam etdirilir.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, avtomobil yolu başlanğıcını Füzulinin Əhmədbəyli kəndindən götürməklə layihələndirilib və I texniki dərəcəli olaraq beynəlxalq magistral normalara uyğun inşa edilir.

Uzunluğu 123.6 kilometr olan yolun ilk 77.5 km-lik hissəsinin 6, qalan 46.1 km-lik hissəsinin isə 4 hərəkət zolaqlıdır.

Layihə üzrə işlərin ümumi yerinə yetirilmə faizi 57%-dir:

– 265 dairəvi borudan 166-ı artıq tikilib, 39-də işlər davam edir;

– 42 düzbucaqlı borudan 18-i tikilib, 9-da işlər davam edir;

– 56 alt keçidin 19-u tikilib, 25-də işlər davam edir;

– 63 ehtiyat keçidlər üçün nəzərdə tutulmuş xidməti borulardan 28-nin inşası başa çatdırılıb,11-də işlər davam edir;

– 23 körpünün 19-da hazırda tikinti-quraşdırma işləri davam etdirilir.

Hazırda avtomobil yolunun 0-22, 44-48-ci km-lik hissələrində yol geyiminin tikintisi işləri, 25.9-115-ci km-lik hissəsində isə qazma, dolğu və süni qurğuların tikintisi işləri davam etdirilir.

Yol boyu layihəyə uyğun ümumi uzunluğu 6 km təşkil edən və şərti olaraq T1, T2 və T3 adlandırılan 3 avtomobil tunelinin inşası aparılır. Tunellər üzrə işlərin yerinə yetirilməsi 37% təşkil edir.

Tikinti işlərinin 2024-cü ildə başa çatdırılması planlaşdırılır.

Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolu Hacıqabul-Horadiz-Ağbənd-Zəngəzur dəhlizi magistral avtomobil yolunun bir hissəsi olmaqla, Zəngilanı Azərbaycanın digər rayonları və Naxçıvan Muxtar Respublikası ilə birləşdirmək baxımından çox böyük əhəmiyyətə malikdir.

Leave a Reply Cancel reply