Xırdabuynuzlu heyvanların taunu xəstəliyinə dair sənədlər toplusu hazırlanır

Azərbaycan Qida Təhlükəzsizliyi Agentliyində (AQTA) Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) ekspertləri Susanne Munstermann və Kamila Benfieldlə görüş keçirilib.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, görüşün məqsədi Ümumdünya Heyvan Sağlamlığı Təşkilatına (ÜHST) təqdim etmək üçün xırdabuynuzlu heyvanların taunu xəstəliyinə (XBT) dair sənədlər toplusunun hazırlanmasıdır. Sənədlərin 20 avqust 2022-ci il tarixinə kimi quruma təqdim olunması nəzərdə tutulub.

Qeyd edək ki, ayrı-ayrı ölkələr öz ərazisinin xırdabuynuzlu heyvanların taunu xəstəliyindən azad olmasının ÜHST tərəfindən rəsmi tanınması və xəstəlik üçün milli nəzarət proqramının təsdiqi ilə bağlı bu quruma müraciət edir. ÜHST-nin qaydalarına əsasən, beynəlxalq ticarət şəbəkəsi vasitəsilə diri heyvanlar və heyvan mənşəli məhsulların dövriyyəsinin təmin olunması üçün ölkələr bir sıra heyvan xəstəliklərindən azad statusa malik olmalıdır ki, onlardan biri də xırdabuynuzlu heyvanların taunu xəstəliyidir.

İndiyə kimi Azərbaycan Respublikası ərazisində xırdabuynuzlu heyvanların taunu xəstəliyi qeydə alınmayıb. Son beş ildə sistematik olaraq aparılmış epizootoloji və seroloji monitorinqlərdə ölkədə xəstəliyin törədicisinə də rast gəlinməyib ki, bu da epizootik sabitliyin qorunub saxlanıldığını göstərir.

Bununla belə, respublika ərazisində xəstəliyin mümkün yayılma areallarının öyrənilməsi üçün FAO-nun dəstəyi ilə həyata keçirilən “Baytarlıq diaqnostikası da daxil olmaqla xəstəliklərin müşahidəsi üçün milli potensialın artırılması – TCP/AZE/3706” layihəsi çərçivəsində xırdabuynuzlu heyvanların taunu xəstəliyi üzrə aktiv nəzarət sisteminin yaradılmasının vacibliyi və xəstəlikdən azadolmanın müəyyən edilməsi planının tətbiqi kimi məsələlər həyata keçirilərək uğurlu nəticələr əldə edilib.

Xatırladaq ki, xırdabuynuzlu heyvanların taunu xəstəliyi FAO və ÜHST-nin Transsərhəd Heyvan Xəstəliklərinə mütərəqqi nəzarət üzrə Qlobal Çərçivəsinin (GF-TADs) 5 illik fəaliyyət planında göstərilən prioritet xəstəliklərdən biridir və 2030-cu ilə qədər bütün dünyada ləğv olunması nəzərdə tutulur.

Leave a ReplyCancel reply