Üzümlüklərdə “Salxım yarpaqbükəni” zərərvericisinə qarşı mübarizə necə aparılmalıdır?

Üzümçülük və Şərabçılıq Elmi Tədqiqat İnstitutunun (ÜŞETİ) Abşeron Təcrübə Təsərrüfatında xəstəlik və zərərvericilərə qarşı mübarizə tədbirləri davam etdirilir.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, ÜŞETİ-nin “İnteqrir mübarizə texnologiyaları laboratoriyası”nın işçiləri salxım yarpaqbükəni zərərvericisinin birinci, ikinci və üçüncü nəslinə qarşı mübarizədə feromon tələlərdən istifadə edib və buna əsasən kimyəvi çiləmələrin vaxtı təyin olunub.

Hazırda zərərvericinin üçüncü nəsil kəpənəklərinin uçuşu sona çatır. Bir neçə gündən sonra kəpənəklərin qoyduğu yumurtalardan tırtıllar çıxmağa başlayacaq. Üçüncü nəslin tırtılları yetişməyə başlayan gilələri deşib, onların çürüməsinə səbəb olacaq. Ona görə də tırtılların çıxmağına 1-2 gün qalmış kimyəvi çiləmə aparılması tövsiyə olunur.                           

Salxım  yarpaqbükəni (giləqurdu)  fillokseradan sonra ən təhlükəli zərərvericidir. Sıx  salxımlı  üzüm  sortlarına  daha  çox  ziyan vurur. Çünki sıx salxımlı üzüm sortları zərərvericinin tırtılları ilə zədələndikdə güclü çürümə gedir.

Bu zərərverici vegetasiya ərzində 3-4 nəsil verir. Qışı ştambın  qabığı altında, budaqlarda, bükülmüş quru yarpaqlarda pup mərhələsində keçirir. Pupların uzunluğu 5-6 mm-dir. Aprelin sonu, mayın əvvəli puplardan kəpənəklər çıxır. Kəpənəklər xırda ölçüdədir, qanadlarını açdıqda 13 mm-ə çatır. Onlar 10-12 gün su ilə qidalanır və sonra yumurta qoymağa başlayırlar. Dişi fərd üzümün qönçə və çiçəklərinə  80-ə  qədər  yumurta  qoyur. 6-7 gündən   sonra  yumurtalardan  birinci nəsil tırtıllar çıxır.

İyun ayının ikinci yarısında ikinci nəsil tırtıllar əmələ gəlir. İkinci nəslin  kəpənəkləri  yumurtalarını yaşıl gilələrin üzərinə qoyur və onlar asanlıqla seçilirlər. Yumurtalar 0,6 – 0,7 mm diametrli, yastı, parlaq  haşiyəli sarı rəngdədir. Üçüncü nəslin kəpənəkləri yetişən gilələrin üzərində yumurta qoyurlar. Salxım yarpaqbükəninin tırtılları açıq yaşıl rəngdədir. Bu tırtıllar üzümün yetişmə mərhələsində bir gilədən  digərinə keçərək, üzümün zədələnməsinə və çürüməsinə səbəb olurlar. Tırtılların puplara çevrilmə prosesi bükülmüş yarpaqlarda, qabığın altında və zədələnmiş gilələrdə baş verir.

Leave a Reply Cancel reply