Azercell şəbəkəsinin genişləndirilməsi və modernləşdirilməsi üzrə genişmiqyaslı layihəyə start verdi


Operatorun abunəçiləri harada olduqlarından asılı olmayaraq yüksəksürətli və
keyfiyyətli mobil internet xidmətlərindən yararlanmaq üçün daha geniş imkanlar
əldə edəcəklər.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, abunəçilərinin dinamik şəkildə artan ehtiyaclarını nəzərə alan Azercell ölkə boyunca 4G (LTE) şəbəkəsinin əhatə dairəsinin genişləndirilməsi və ötürmə qabiliyyətinin artırılması üzrə daha bir irimiqyaslı layihəyə start verdi.

Bu proqram çərçivəsində növbəti 18 ay ərzində 300-dən çox yeni baza stansiyanın
quraşdırılması və 1600-ə yaxın mövcud stansiyanın təkmilləşdirilməsi nəzərdə tutulur.
Beləliklə, ölkənin aparıcı mobil operatorunun LTE stansiyalarının ümumi sayı 3200-ü
ötəcək.

Layihənin icrası nəticəsində Azercell-in 4G şəbəkəsinin tutumu Bakı və Abşeron yarımadasında 80%, rayonlarda isə 75% artacaq! Bu da, öz növbəsində, abunəçiləri
yüksək ötürülmə sürəti, göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi, eləcə də
sosial şəbəkələr, multiplayer oyunları, interaktiv onlayn proqramlar, videokonfranslar,
video zənglər və bir çox digər rəqəmsal həlləri özündə cəmləşdirən multimedia
xidmətlərinə sürətli çıxış imkanı ilə təmin edəcək.

Azercell-in şəbəkənin genişləndirilməsi və modernləşdirilməsi layihəsi işğaldan azad
edilmiş əraziləri də əhatə edir. Vətənə geri qaytarılan torpaqlarımızda ilk mobil
infrastrukturu qurmağa müvəffəq olan Azercell, Şuşa, Ağdam, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər rayonları, İstisu, Hadrut, Suqovuşan qəsəbələri, Xocavənd və Laçın rayonlarına aid bir çox kənd və digər əraziləri öz şəbəkəsi ilə əhatə edib.

Qeyd olunan rayonlarda Azercell artıq 80-dan çox baza stansiyası quraşdırıb və bu
istiqamətdə apardığı işləri planlı şəkildə davam etdirməkdədir.

Onu da qeyd edək ki, operator ötən il 4G (LTE) yüksəksürətli mobil interneti Bakı
Metropoliteninin bütün stansiya və tunellərində əlçatan edib.

Azercell öz infrastrukturunun genişləndirilməsi və modernləşdirilməsinə sərmayə
yatırmağı davam edəcək. Bu, şirkətə Azərbaycan bazarında yeni nəsil texnologiyaların tətbiqi üçün zəruri platformanı təmin etməyə imkan verəcək. Eyni zamanda, Azercell aktiv şəkildə telekommunikasiya sənayesinin ən son tendensiyalarına cavab verən məhsul və rəqəmsal həlləri ərsəyə gətirməyi davam edir.

Leave a Reply