Animator Rəşid Ağamalıyev: Qəzəbliyəm, çünki vəziyyətdən narazıyam

Azərbaycan Kinematoqrafçılar İttifaqı kino xadimlərinin peşə bayramı olan 2 Avqust – Milli Kino Günü ənənəvi olaraq mükafatlandırdığı kinematoqrafçıların sırasında ANIMAFILM Beynəlxalq Animasiya Festivalının direktoru, rejissor, animator Rəşid Ağamalıyev də yer alıb.


TIME rəsmi mənbəyə istinadən bildirir ki, R.Ağamalıyev İnstagram səhifəsində Azərbaycan Kinematoqrafçılar İttifaqına təşəkkür mesajı göndərib, eyni zamanda kinomuzun aktual problemlərindən bəhs edib:

“Azərbaycan Kinematoqrafçılar İttifaqının mükafatı mənim üçün gözlənilməz və çox xoş sürpriz oldu. Eyni zamanda, animasiyamızın inkişafı barədə daha çox düşündürdü… Son 6 il ərzində animasiya kinosunda həqiqətən vacib dəyişikliklər baş verib – “Azərbaycan animasiyası” kitabı dərc olunub, ANİMAFİLM Beynəlxalq Animasiya Festivalının 4 buraxılışı keçirilib, İncəsənət Universitetində “Animasiya və kompüter qrafikası” ixtisası açılıb, onlarla animasiya kurslara təşkil olunub və hazırda ilk tammetrajlı animasiya filmi çəkilir. Bunların hamısı çox yaxşıdır, lakin nədənsə qəzəb hissi də məndən əl çəkmir. Qəzəbliyəm, çünki vəziyyətdən narazıyam. Belə olmamalıdır”.

Daha sonra Rəşid Ağamalıyev animasiya sahəsinə dünyada və ölkəmizdə ayrılan dəstək və iqqət haqda bir neçə misal gətirib:

“Sizə bir misal gətirim – təkcə bu il Çexiyada 11 animasiya filmini işləyib hazırlamaq üçün Çexiya dövlət kino fondu 34 milyon kron, yəni 2 milyon 400 min manat vəsait ayırmışdır. Çexiya kino fondunun 2021-ci ilin ümumi büdcəsi isə 1 milyard 257 milyon 313 min kron, yəni 88 milyon 821 min manat təşkil edib. Azərbaycanda inkişaf tempi həddən artıq zəifdir. Sadə dillə desəm, Gürcüstan və digər qonşu dövlətlər 100 km/saatla gedirlərsə, biz heç 10 km/saatla da getmirik. Belə müqayisə primitiv səslənsə də, həqiqətdir. Dünyanın ən böyük animasiya festivallarda iştirak edirəm və hər yerdə bizdən yaxşı olan vəziyyəti görürəm… Animasiyaya yanaşmamız yanlışdır. Hazırda nəyinki sadə tamaşaçıların, hətta bəzi peşəkar kinematoqrafçıların animasiyaya münasibəti çox primitivdir. Animasiya kinosuna “multik” deyən bəziləri dərk etmirlər ki, “animasiya” ölkəmizin inkişafı üçün ən prioritet sahələrdən biri olmalıdır. Heç olmasa ona görə ki, ölkəmizdə 2 milyon 260 mindən çox uşaq vardır və onların hamısı xarici filmlərlə böyüyür və bu bizim mənəvi inkişafımıza birbaşa təsir göstərir. Animasiya – mədəniyyətimizin göstəricisidir, ölkəmizin simasıdır, ruhi qidadır. Biz animasiyaya arxa çeviririksə, bizim gələcəyimiz necə olacaq?
Kinomuzda və animasiyamızda birlik yoxdur. Bu çox ciddi problemdir. Hamıya çağırış edirəm – şəxsi maraqları qoyun qırağa və birləşin. Münaqişələr və intriqalar hamımızı geriyə aparır, inkişafdan saxlayır… Qəzəbliyəm, həm də ona görə ki, 30 il itirdik. Növbəti 30 ili də itirməmək üçün tamamilə yeni yanaşma lazımdır. Bu yanaşmamın ilkin tumurcuqlarını görürük – Cənab Prezidentin fərmanı ilə ARKA yaradıldı. Sonda bunu demək istəyirəm – bu yaxınlarda sosial şəbəkələrdə maraqlı şəkil gördüm. Şəkildə aysberq təsvir olunub. Buz dağının yalnız 10%-i suyun üzərindədir (bu, hamıya görünən uğurdur), 90%-i isə altında (burada heç kimin görə bilmədiyi çəkilmiş zəhmət, buraxılmış səhvlər, şübhələr, qurbanlar, tənqidlər, risklər, intizam və s. var)”.

O, qeyd edib ki, Azərbaycan Kinematoqrafçılar İttifaqının gördüyü işlər göz qabağındadır və təqdirə layiqdir. İttifaq son 4 il ərzində Azərbaycan kinosunda çox ciddi nailiyyətlər qazanıb: “Arzum budur ki, bu gözəl işlər davam etdirilsin, cavan kinematoqrafçılar daha çox dəstəklənsin və ən əsası, animasiya kinosuna diqqət və dəstək artırılsın. Bu dəyərli mükafat üçün Azərbaycan Kinematoqrafçılar İttifaqına ürəkdən təşəkkür edirəm, həmkarlarımı da ürəkdən təbrik edirəm!”

Leave a Reply Cancel reply