Məhkəmə hakimlərinin və sədrlərinin maaşları artırıldı

Prezident İlham Əliyev məhkəmə hakimlərinin və sədrlərinin vəzifə maaşlarının artırılması ilə bağlı müvafiq qanunlara dəyişikliklər edib.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, “Konstitusiya Məhkəməsi haqqında” qanuna dəyişikliyin təsdiqlənməsi ilə Konstitusiya Məhkəməsinin sədri sentyabrın 1-dən etibarən 3550 manat məbləğində aylıq vəzifə maaşı alacaq. Qeyd edək ki, artım 1075 manat təşkil edir.

Prezident İlham Əliyev “Məhkəmələr və hakimlər haqqında” qanuna dəyişikliyi təsdiqləyib.

Dəyişikliyə əsasən, Ali Məhkəmənin sədrinin maaşı 3550 manat olub (indiyədək bu məbləğ 2475 manat idi).

Sənəd eyni zamanda ölkədəki bütün məhkəmə hakimlərinin maaşının artımını nəzərdə tutur.

Belə ki, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin və apellyasiya məhkəmələrinin sədrlərinə ali məhkəmə sədrinin vəzifə maaşının 90 faizi həcmində;

ağır cinayətlər məhkəmələrinin, Naxçıvan Muxtar Respublikası ağır cinayətlər məhkəməsinin, hərbi məhkəmələrin, inzibati məhkəmələrin və kommersiya məhkəmələrinin sədrlərinə Ali Məhkəmə sədrinin vəzifə maaşının 80 faizi həcmində;

digər məhkəmələrin sədrlərinə Ali məhkəmə sədrinin vəzifə maaşının 70 faizi həcmində;

bütün məhkəmələrin sədr müavinlərə müvafiq məhkəmə sədrinin vəzifə maaşlarının 90 faizi həcmində;

Ali Məhkəmənin, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin və apellyasiya məhkəmələrinin kollegiya sədrlərinə müvafiq məhkəmə sədrinin vəzifə maaşının 85 faizi həcmində;

bütün məhkəmələrin hakimlərinə müvafiq məhkəmə sədrinin vəzifə maaşlarının 80 faizi həcmində müəyyən edilir.

Bununla yanaşı, dövlət başçısı “Məhkəmələr və hakimlər haqqında” Qanuna dəyişiklik edilməsi barədə Qanunu imzalayıb.

Sənədə əsasən, Azərbaycanda məhkəmə hakimlərinə məzuniyyətə çıxarkən verilən pul vəsaiti azaldılıb.

Belə ki, dəyişikliyə əsasən, bundan sonra məhkəmə hakimlərinə məzuniyyətə çıxan zaman yalnız məzuniyyət pulu ödəniləcək.

Qeyd edək ki, indiyədək isə hakimlərə məzuniyyətə çıxarkən məzuniyyət haqqı ilə yanaşı, 2 aylıq vəzifə maaşı həcmində pul vəsaiti də ödənilirdi.

Leave a Reply Cancel reply