Üzümçülüyün inkişafından bəhs edən yeni kitabın təqdimatı olub

Kənd Təsərrüfatı Nazirliyi (KTN) Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutunda (ÜŞETİ) “Üzüm: aqrotexnikası, aqrokimyası və inteqrir mübarizə tədbirləri” kitabının təqdimatı keçirilib. Tədbirdə KTN-nin Meyvəçilik və tərəvəzçilik şöbəsi, Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutunun əməkdaşları, üzümçülüklə məşğul olan fermerlər iştirak ediblər.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, tədbirdə çıxış edən Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutunun direktoru Vüqar Səlimov bidlirib ki, son dövrlərdə dünyada texnika və texnologiyaların sürətli inkişafı və istehsalatda tətbiqi, üzümçülük və şərabçılıqda diferensasiya, mikrozonallaşmanın və ixtisaslaşmanın inteqrasiyası fonunda, o cümlədən ekoloji təmiz üzüm və şərabçılıq məhsullarının istehsalının gücləndirilməsinə önəm verildiyi bir dövrdə sabit sahədən yüksək, keyfiyyətli və məqsədyönlü məhsul istehsalı mühüm əhəmiyyət kəsb edir. Tədbirdə vurğulanıb ki, kitab üzümçülüyün elmi əsaslarla inkişafına dəstək, o cümlədən üzüm istehsalçılarının istehsal prosesinə elmi-praktik köməkliyin göstərilməsi məqsədilə yazılıb.

KTN-nin “Meyvəçilik və tərəvəzçilik” şöbəsinin müdir müavini Ramiz Qəhrəmanov isə öz növbəsində fermerlərin və institut əməkdaşlarının birgə fəaliyyəti və mütəxəssislərin bu sahədə gördükəri işlərin təqdirəlayiq olduğunu nəzərə çatdırıb. Kitabın üzüm və şərab istehsalçıları, elmi işçilər, aqrotexniklər, elm və təhsil müəssisələrində üzümçülük və şərabçılıq üzrə ixtisaslaşan magistrlar, doktorantlar, kənd təsərrüfatı sahəsində təhsil alan tələbələr və yaxın ixtisas sahələrində işləyənlər üçün qiymətli mənbə olduğu vurğulanıb.

İnstitutun üzümün aqrotexnikası şöbəsinin müdiri Azər Şükürov tədbir iştirakçılarının diqqətinə çatdırıb ki, kitabda üzümçülüklə bağlı əsas anlayışlarla yanaşı, üzümçülüyün tarixi, əhəmiyyəti, üzümün yerli yetişdirilmə şəraiti nəzərə alınmaqla dünyadakı innovativ becərilmə üsulları, yeni üzümlüklərin salınmasında müasir yanaşmalar, üzümün aqrotexnikası, aqrokimyası, inteqrir mübarizə tədbirləri yer alıb. Tədbirdə institutun əməkdaşları və fermerlər kitab haqqında öz fikirlərini bildiriblər. Fermerlər yüksək və keyfiyyətli məhsul əldə etmək üçün alimlərin dəstəyinə hər zaman ehtiyacın olduğunu vurğulayıblar. Eyni zamanda, kənd təsərrüfatı məhsulları istehsalçıları bu kitabın üzümün becərilməsi, xəstəlik və zərərvericilərə qarşı mübarizə tədbirləri, təbii risk amillərinin qarşısını alınması istiqamətində faydalı olduğunu vurğulayıblar.

Qeyd edək ki, “Üzüm: aqrotexnikası, aqrokimyası və inteqrir mübarizə tədbirləri” kitabında üzümçülükdə ekoloji risklər (xəstəlik və zərərvericilər, şaxta, dolu, sel, güclü küləklər və s.) və onlara qarşı preventiv tədbirlər, dünyada hazırda risklərə qarşı tətbiq edilən innovativ texnologiyalar haqqında geniş məlumat verilir. Bu da üzüm istehsalçılarının maarifləndirilməsində mühüm əhəmiyyət kəsb edir. Kitabda həmçinin qlobal istiləşmə fonunda meydana çıxan quraqlıq və suvarma suyunun qıtlığı şəraitində üzüm bağlarının becərilmə texnologiyasındakı dünya təcrübəsindən geniş bəhs olunur. Bununla yanaşı, kitabda  qiymətli yerli və introduksiya olunmuş üzüm sortlarının səciyyəvi ampeloqrafik, aqrotexniki və ekoloji-coğrafi zonallıq xüsusiyyətləri öz əksini tapıb. Belə ki, nəşrdə 200 sort, o cümlədən 101 süfrə, 25 kişmiş və 64 texniki üzüm sortu haqqında ətraflı məlumat verilib. Bu isə fermer və üzüm istehsalçıları üçün sortlar haqqında, onların tanınması, becərilmə texnologiyası barədə məlumatları əlçatan edir.

Leave a Reply Cancel reply