Baş prokuror: “Reket jurnalistikası cinayətkar fəaliyyətdir”

“Bu gün mənə elə gəlir ki, bəzən bizim sosial media istifadəçiləri, yaxud mətbu orqanların əməkdaşları özlərini tam hazırlıqlı hüquqşünas kimi hesab edirlər. Və hüquqi məsələlərlə bağlı, bəzi mürəkkəb məsələlərlə bağlı  o dərəcədə asanlıqla rəy verirlər, qəti fikirlər yürüdürlər. Bu, yolverilməzdir. Çünki hüquq elmi kifayət qədər mürəkkəb elmdir. O, sadə göründüyü qədər də mürəkkəb elmdir”.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, bunu Baş Prokuror Kamran Əliyev sosial şəbəkələrdə və internet mediasında çalışan “jurnalistlər” haqda rəy verərkən qeyd edib: “Hüquqi məsələlər, sübutlar, sübutların təhlili, sübutların qiymətləndirilməsi ilə bağlı müstəntiqlər, prokurorlar, hakimlər tərəfindən kifayət qədər çoxşaxəli qiymətləndirmə, dəyərləndirmə həyata keçirilir. Və işi bilmədən, işin incəliklərini, sübutları bilmədən, o cümlədən şərti olaraq “Tərtər işi” kimi işlərlə bağlı bəzən bu cür fikirlərin yürüdülməsi təbii ki, yolverilməzdir. Hesab edirəm ki, bu sahədə biz müəyyən tədbirlər planı hazırlamalıyıq və onu jurnalistlərlə, media orqanları ilə birlikdə həyata keçirməliyik”. 

Prokurorıuğun rəsmi məlumatında qeyd edilib ki, Baş prokuror “reket jurnalistikası” anlayışını dəqiqləşdirib: “Reket jurnalistikası dedikdə, mən hesab etmirəm ki, bu yalnız jurnalistikaya aiddir. Reket jurnalistikası da şərti termindir. Əslində burada söhbət hədə-qorxu ilə tələb etmədən gedir. Bəzən jurnalist fəaliyyətindən istifadə etməklə, yaxud da  jurnalistlərin öz fəaliyyəti zamanı bu hallar baş verir. Bu, tək jurnalistlərlə bağlı deyil, bəzən sosial media istifadəçiləri tərəfindən də bu kimi hallara yol verilir. Konkret olaraq qanunda bunun adı hədə-qorxu ilə tələb etmə adlanır. Belə hallar yolverilməzdir. Artıq bunun jurnalistika fəaliyyəti ilə heç bir əlaqəsi olmayan sırf cinayətkar bir fəaliyyətdir. Hansı ki, jurnalistika da deyil, digər fəaliyyət növlərində də biz bunu görürük, müşahidə edirik. Bu kimi faktları aşkarlayıb və şəxsləri məsuliyyətə cəlb edirik”- deyə, Baş Prokuror vurğulayıb.

Leave a Reply Cancel reply