Qubada pavloniya bitkisinin çoxaldılmasına başlanılıb

Qubada yerləşən Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun istixana kompleksində pavloniya bitkisinin çoxaldılaraq yetişdirilməsinə başlanılıb.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, çox sürətli böyüməsi ilə tanınan pavloniya ağacı ildə təxminən 3-4 metr boy atır. Az qulluq tələb edən bu ağac bir çox sahələrdə, xüsusilə mebel sənayesi və dekorativ bitkiçilikdə istifadə olunur.

Ölkəmizdə hələ çox tanınmayan pavloniya ağacının vətəni Çindir. Yaponiya, Avstriya, ABŞ, Vyetnam, Laqos, Tailand, Yeni Zelandiya, Malayziya, İtaliya, Avstriya və Fransa da daxil olmaqla dünyanın 40-dan çox ölkəsində geniş şəkildə becərilir. Ölkəmizdə qışın çox sərt keçdiyi yerlər istisna olmaqla, qovaq əkini aparılan yerlərdə bitir. Orta ömrü 70 il olan bir ağacdır.

Yarpaqları zülalla zəngin ağacın çiçəkləri bənövşəyi, ətirli, boruşəkilli və salxım şəklində olur. Bu gözəl çiçəkləri may ayında müşahidə etmək mümkündür. Pavloniyanın gövdəsi çox hamardır və taxtası çox qiymətlidir. Onun taxtası əyilmə və qırılma kimi təsirlərə çox davamlıdır.

Leave a Reply Cancel reply