Ziyalılar, xeyirxah insanlar ölsə də onların sözü və əməyi tarixə yazılır

22 iyul – Azərbaycanda Milli mətbuat və Jurnalistika günü kimi qeyd edilir. Azərbaycan mətbuatının banisi Həsən bəy Zərdabidir. Böyük çətinliklərdən sonra o, Bakıda ana dilində “Əkinçi” qəzetinin nəşr edilməsi üçün icazə almışdı. Bu qəzetin ilk nömrəsi 1875-ci il iyulun 22-də çapdan çıxmışdı. “Əkinçi” qəzetinin nəşri bütün Qafqazda əks-səda doğurmuşdu.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, 1875-1877-ci illər ərzində fəaliyyət göstərmiş qəzetin 56 nömrəsi işıq üzü görmüşdü. “Əkinçi” qəzeti xalqımızın milli oyanışında, milli birliyinin möhkəmlənməsində böyük rol oynamışdır.

Qəzetin mütərəqqi ideyaları Rusiya hakim dairələrini narahat etmiş və iki il sonra qəzet bağlanmışdı.Azərbaycan mətbuatının ilk müjdəçisi “Əkinçi”dən sonra bu sahədə xeyli irəliləyişlər olmuşdu. XIX əsrin sonlarında “Ziya”, (1879), “Kəşkül” (1880),”Kaspi” (80-90-cı illər) qəzetləri nəşrə başlamışdı. XX əsrin əvvəllərində C. Məmmədquluzadə, M. Şahtaxtinski, S. Hüseyn, Ö. Faiq Nemanzadə, Ü. Hacıbəyov və başqaları yeni demokratik mətbuatın yaranması uğrunda mübarizə aparırdılar. Bu gərgin mübarizə öz nəticəsini verdi. “Şərqi-rus” (1903), “Həyat” (1905), “Açıq söz” (1915), “Azərbaycan ” (1918) kimi demokratik ruhlu, milli qayəli qəzetlər meydana çıxdı.

Azərbaycan mətbuatında siyasi satiranın əsası isə 1906-cı ildə “Molla Nəsrəddin” jurnalının nəşrə başlanması ilə qoyuldu. Azərbaycan jurnalistikasının tarixində redaktoru Xədicə xanım Əlibəyova olan “İşıq” jurnalının özünəməxsus yeri var, bu jurnalın bütün əməkdaşları qadınlardan ibarət olub.

Qeyd edildiyi kimi, Həsən Bəy Zərdabi (Məlikov) Azərbaycan mətbuatının banisi olub və jurnalist fəaliyyəti ilə yanaşı pedaqoq, maarifçi, naşir, islam dünyasının ilk təbiətşünas alimi olub.

 Həsən bəy Zərdabi ilk təhsilini Zərdab kəndindəki mədrəsədə almışdır. Burada ərəbcə və farsca öyrənən Zərdabi 1852-ci ildə Şamaxı şəhərində açılan rusca dünyəvi təhsil verən məktəbə yazılmışdır. Məktəbi bitirmək üçün imtahan verəndə Qafqaz Təhsil Komissiyası Müdiri baron Nikolayın diqqətini çəkmiş və baron onu dövlət təqaüdü ilə Tiflisə oxumağa göndərməyi təklif etmişdir. Bu ərəfələrdə atası vəfat edən Zərdabiyə böyük qardaşları Tiflisə getməyə icazə verməmişdilər. Tiflisdə yaşayan atasının dayısı general Fərəc bəy Ağayev bu hadisədən sonra hadisəyə müdaxilə edərək, Zərdabini Tiflisə gətizdirmişdir.

Tiflisdəki məktəb üçün girdiyi imtahanları uğurla bitirən Zərdabi 1858-ci ildə I Tiflis məktəbinin V sinfinə qəbul olmuşdur. 1861-ci ildə həmin məktəbi uğurla bitirən Zərdabi elə eyni ildə dövlət təqaüdü ilə Moskva Universiteti Fizika-Riyaziyyat fakültəsində Təbiət elmləri üzrə təhsil almağa göndərilmişdir. 1865-ci ildə bu universiteti fərqlənmə diplomu ilə bitirmişdir. Ali təhsil ocağında oxuduğu müddətdə tələbələr arasında xüsusi olaraq seçildiyinə görə fakültəni əla qiymətlərlə başa vurduqdan sonra elmi iş üçün universitetdə saxlanılması qərarı qəbul edilmişdir. Lakin vətəninə olan sonsuz məhəbbəti, xalqına, millətinə xidmət etmək arzusu onu Azərbaycana çəkib gətirmişdir.

Zərdabinin dünya görüşünün formalaşması Moskva Dövlət Universitetində oxuduğu illərdə daha da sürətlənmişdir. Bu dövrdə Rusiyada çarlıq əleyhinə gənclik hərəkatları var idi. Bu hərəkatın rəhbərləri Moskvada yaşamaqda və hərarətli tərəfdarları olan gənclər də Moskva Universitetində oxumaqda idi. Bu çevrə ilə yaxın əlaqələr quran Zərdabi oxuduğu fakültədəki müəllimlərin vasitəsilə Darvinizmdən təsirlənmişdir (Darvinizmin tərəfdarı olub-olmaması hələ də mübahisəlidir).

Zərdabi universitet illərində dövrün irəlidə gedən elm adamları ilə tanışmışdır. Tarixçi Solovyov və yazıçı Pleşeyevlə yaxın münasibəti olmuşdur. Solovyovun evinə tez-tez gedən Zərdabi Solovyovun qızına qarşı hissləri olmuşdur. idealist olan Zərdabi Solovyovun qızı ilə evlənəcəyi təqdirdə həm gələcəyə yönəlmiş ideallarından əl çəkmək məcburiyyətində qalacağını, həm də bu davranışının xalqı tərəfindən heç xoş qarşılanmayacağını düşünərək təhsilini tamamladıqdan sonra universitetdə qalması yönündəki təklifləri rədd etmiş və xalqına xidmət etmək üçün vətəninə dönmüşdür.

18 noyabr 1869-cu ildə Bakıda məktəbə təbiət elmləri üzrə müəllim kimi işə düzəlmişdir. Bununla da onun həyatında yeni dövr — maarifçilik, xalqın savadlanması, ana dilində təhsil uğrunda mübarizə mərhələsi başlayır. Lakin problemin çətinliyi onda idi ki, Həsən bəy Qafqazda o zaman fəaliyyət göstərən 10 gimnaziyada çalışan müəllimlər içərisində ali təhsilli yeganə azərbaycanlı idi.

Azərbaycanlı şagirdlər də yox dərəcəsində idi. Bununla da, Həsən bəy azərbaycanlı uşaqları məktəbə cəlb etmək üçün xalq içərisində təbliğat aparmağı qarşısına məqsəd qoyur. Bundan sonra, müsəlmanlar arasında ilk dəfə 1872-ci ildə Bakıda “Cəmiyyət-xeyriyyə” də yaratmışdı. Həmin ilin bütün yayını Həsən bəy Zərdabi gimnaziyada təhsil alan şagirdləri Nəcəf bəy Vəzirov və Əsgərağa Adıgözəlov (Gorani) ilə birlikdə Azərbaycanın şəhər və kəndlərini dolanaraq rəsmi dəftərə “Cəmiyyət-xeyriyyə”yə üzv yazdırmaqla məşğul olmuşdu.

Yoxsul və kimsəsiz uşaqların tərbiyəsi və məktəbə hazırlığı ilə məşğul olmaq üçün savadlı türk (azərbaycanlı) qadın müəllimlərə ehtiyac yarandığından, Həsən bəy Zərdabi 1872-ci ildən “Qafqaz” qəzetində Tiflis “Müqəddəs Nina” Qadın gimnaziyasını bitirən qızların müəllim kimi peşəsini davam etdirməklərini təbliğ edir. Bundan sonra, Zərdabi bir gün “Qafqaz” qəzetindəki xəbərdən Tiflisdə olan Müqəddəs Nina adlı qız məktəbindən məzun olanların arasında Nalçik şəhərində anadan olan və Balkar türklərindən olan Hənifə xanım Abayevanın da olduğunu öyrənir. Bundan sonra Tiflisə gedən Zərdabi Hənifə xanımı taparaq onunla tanış olur və ona gələcəklə bağlı fikirlərini deyir. Hənifə xanımın da eyni fikirdə olduğunu öyrənən Zərdabi ona evlənmə təklifi edir. Təklifi qəbul edən Hənifə xanım Zərdabi ilə birlikdə yaşamaq üçün Bakı şəhərinə köçür.

Həsən bəy Zərdabi Azərbaycan peşəkar teatrının yaradıcılarındandır. Onun rəhbərliyi və dramaturqlardan Nəcəf bəy Vəzirov ilə Əsgər ağa Adıgözəlovun fəal iştirakı ilə 1873-cü ildə M. F. Axundovun “Hacı Qara” və “Lənkəran xanının vəziri” komediyaları tamaşaya qoyulmuşdur.

Azərbaycan qadınlarının maariflənməsinə xüsusi əhəmiyyət vermiş, 1901-ci ildə Bakıda azərbaycanlı qızlar üçün ilk məktəbin açılmasına böyük kömək göstərmişdir. Gündəlik həyatında və işində xalqla sıx bağlı olmuş, asudə vaxtlarını xalq arasında keçirmiş, uşaqları və yeniyetmələri elmə, mədəniyyətə, maarifə həvəsləndirmişdir. Apardığı təbliğatın köməyi ilə Bakı gimnaziyasında oxuyan tələbələrin sayı az bir zamanda xeyli çoxalmışdır.

Lakin Zərdabi Xeyriyyə Cəmiyyəti, teatr və müəllimlik yolu ilə xidmət etdiyi xalqa daha çox xidmət etmənin yollarını axtarır. Çətin olsa da türkcə qəzet açmaq istəyi olan Zərdabi Həyat qəzetində yazdığı “Rusiyada əvvəlimçi türk qəzeti” adlı məqaləsində bunu belə izah edir:

Bizim Cəmiyyəti-i Xeyriyyə bina tutmadığından teatr təşkil etdiyimiz salonun boş qaldığı zaman anladım ki, müsəlman qardaşlarımızı bir yerə toplayıb məktəblər açdıraraq küçədəki uşaqları oxutmaq münkün deyildir. Elmsiz bu dövrdə yaşamaq münkün deyildir. Nə etməli ? Hər kəsi çağırıram gəlmirlər, göstərirəm görmürlər, deyirəm anlamırlar. Sonunda başa düşdüm ki, səs-küy salaraq, məcburi başa salmaqdan başqa çarəm yoxdur. Mütləq bu izah etdiklərimi bir gün başa düşən olacaqdır. Axan bir suyun altına nə qədər sərt daş qoyursan qoy, zamanla o daş əriyib yox olacaqdır. Əgər elədirsə, doğru söz də bir gün başa düşüləcəkdir. Onun üçün mütləq qəzet nəşr etdirmək gərəkdir. Hər il qəzet oxuyanlardan 10 nəfər anlasa, onların sayı hər il artacaqdır. Suyun önünü kəsən o bənd sonunda dayana bilməyib yıxılacaqdır !

Nəhayət, xeyli zəhmətdən, əzab-əziyyətdən sonra o İstanbuldan hürufat gətizdirərək 1875-ci ilin 22 iyulunda Bakıda qubernator mətbəəsində Azərbaycan dilində “Əkinçi” qəzetinin nəşrinə müvəffəq olmuşdur. Bu qəzetlə Azərbaycan milli mətbuatının əsası qoyulmuşdur və bu qəzet Avrasiyanın Rusiyaya aid olan hissəsində ilk türkdilli qəzet olmuşdu.

İlk mətbu orqan kimi “Əkinçi” öz əsas ideyasına uyğun olaraq incəsənət və ədəbiyyata da aid yeni demokratik tələblər irəli sürürdü. Azərbaycanın böyük dramaturqu Nəcəf bəy Vəzirov köhnə şerlərlə yanaşı, şairləri müasir həyatdan yazmağa, xalqı cəhalət və qəflət yuxusundan ayıltmağa, müasir ruhda tərbiyə etməyə çağırırdı. Bununla Zərdabinin səsinə Azərbaycanın bir çox görkəmli, maarifpərvər insanları səs verirdi. Təbii ki, bu cür demokratik məqalələrindən sonra çarizmin diqtəsi ilə özlərini “ziyalı” sayan bəzi üzdəniraq insanlar yerbəyerdən “Əkinçi”nin üzərinə hucuma keçdilər.1877-ci il sentyabrın 29-da “Əkinçi” öz nəşrini dayandırmağa məcbur oldu.

Zərdabi ölümünə yaxın iflic keçirmişdir. İflic xüsusilə dilində olduğu üçün danışa bilmir, lakin o buna fikir verməyərək ölümünə qədər Kaspi qəzetindəki vəzifəsini davam etdirmişdir. 28 noyabr 1907-ci il tarixində vəfat etmişdir. Cənazəsi çox böyük kütlənin müşayiəti ilə dəfn edilmişdir. Cənazənin üstündə olan çoxsaylı lentlər araasında “Kaspiy” qəzetinin işçilərindən və mətbəə işçilərindən “İnsan öldü, düşüncəsi qaldı” yazısı ilə qırmızı lent var idi.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 may 2019-cu il tarixli, 211 nömrəli Qərarı ilə Həsən bəy Zərdabi Azərbaycan Respublikasında əsərləri dövlət varidatı elan edilən müəlliflərin siyahısına daxil edilib.

Leave a Reply