Baş Prokurorluq cinayət işləri üzrə 430 qərarı əsassız və qanunsuz hesab edərək ləğv edib

İyulun 22-də Azərbaycan Respublikasının Baş Prokurorluğunda Mərkəzi aparatın, Respublika Hərbi, Naxçıvan Muxtar Respublikası, Naxçıvan Muxtar Respublikası Hərbi və Bakı şəhər prokurorluqlarının rəhbər heyətinin, rayon (şəhər) və ərazi hərbi prokurorlarının iştirakı ilə videokonfrans rejimində 2022-ci ilin birinci yarımilində prokurorluq orqanları tərəfindən cinayətkarlığa qarşı mübarizə, istintaq işi, prokuror nəzarəti sahələrində görülmüş işlərin vəziyyəti və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş Geniş Kollegiya iclası keçirilib.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, cari ilin birinci yarımilində ölkə ərazisində 18.223 cinayət qeydə alınmaqla onların 88,5 faizinin açılması təmin edilmiş, ümumilikdə ölkə üzrə cəmi 9267 cinayət işinin istintaqı tamamlanmışdır ki, bunlardan 705-i prokurorluq orqanlarında isintaq edilib.

Bu müddət ərzində prokurorluq orqanları tərəfindən 440, ümumilikdə isə digər istintaq qurumları ilə birgə 7481 cinayət işinin ibtidai istintaqı yekunlaşdırılaraq baxılması üçün məhkəmələrə göndərilmişdir ki, ibtidai istintaqı tamamlanmış cinayət işləri üzrə ümumilikdə 137 milyon 408 min manat məbləğində maddi ziyan vurulduğu müəyyən edilərək istintaq tədbirləri ilə onun 77,6 faizinin, yəni 106 milyon 572 min manat hissəsinin ödənilməsinə nail olunub.

Prokurorluq orqanlarında ibtidai istintaqı aparılaraq yekunlaşmış cinayət işləri üzrə ümumilikdə 62 milyon 169 min manat məbləğində maddi ziyan vurulduğu müəyyən edilərək istintaq tədbirləri ilə onun 87,5 faizinin, yəni 54 milyon 405 min manat hissəsinin ödənilməsinə nail olunub.

Bundan başqa, cinayət-prosessual qanunvericiliyinin tələblərinə əsasən icraatına xitam verilmiş cinayət işləri üzrə cinayət məsuliyyətindən azad olunmuş şəxslər tərəfindən dövlət büdcəsinə əlavə olaraq 19 milyon 535 min manat pul vəsaiti ödənilməklə, həmin məbləğin 19 milyon 170 min manatı prokurorluq orqanlarında istintaqı aparılmış işlər olub.

Xüsusi qeyd edilmişdir ki, prokurorluqda aparılan müasir məzmunlu islahat tədbirlərinin davamı kimi qurumun maddi-texniki bazasının möhkəmləndirilməsi, elmi-texniki nailiyyətlərdən istifadə etməklə fəaliyyətdə səmərəliliyinin artırılması işində müstəsna önəmə malik cənab Prezidentin 7 may 2021-ci il tarixli Fərmanında öz əksini tapmış “Elektron prokurorluq” informasiya sisteminin yaradılması istiqamətində işlər intensivliklə davam etdirilib.

Hesabat dövründə dövlət başçısının siyasi fəaliyyətinin prioritet istiqamətlərindən olan korrupsiyaya, rüşvətxorluğa qarşı barışmaz mübarizənin ötən dövrlərdə olduğu kimi davam etdirilərək Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən ölkə vətəndaşlarını ciddi narahat edən korrupsiya cinayətlərinin və hüquqpozmalarının daha geniş yayıldığı idarəçilik və xidmət sahələri aşkar edilməklə təqsirli şəxslərin məhkəmə məsuliyyətinə verildiyi bildirilib. 

Qeyd edilmişdir ki, cari ilin birinci yarımilində korrupsiya hüquqpozmasına yol vermiş 139 şəxs barəsində 102 cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün məhkəmələrə göndərilib, 2 milyon 203 min manat məbləğində ziyanın ödənilməsi təmin edilib, 1 milyon 618 min manat məbləğində əmlak üzərinə həbs qoyulub.

Bundan başqa, ibtidai araşdırma mərhələsində cinayət işləri üzrə vurulmuş ziyanın ödənilməsinin təmin edilməsi məqsədilə icraatına  xitam  verilmiş   cinayət  işləri üzrə ümumilikdə özgə əmlakına vurulmuş 42 milyon 449 min  manat məbləğində maddi ziyan tam olaraq ödənilmiş,  eyni  zamanda  həmin  işlər  üzrə  cinayət  məsuliyyətindən  azad  olunmuş  şəxslər tərəfindən  mövcud  qanunvericiliyin  tələbinə  uyğun  olaraq  dövlət  büdcəsinə  əlavə  olaraq 18 milyon 874 min manat məbləğində pul vəsaiti ödənilib.

Bundan əlavə, hesabat dövründə aparılmış araşdırmalar nəticəsində yol verilmiş qanun  pozuntularının  aradan  qaldırılması  və  gələcəkdə  bir daha təkrar törədilməməsi, həmçinin cinayətin törədilməsinə şərait  yaradan  halların  aradan  qaldırılması  məqsədilə  aidiyyəti müəssisə  və  təşkilatların rəhbərlərinə 115 təqdimat verilib.

Həmin təqdimatlar üzrə 11 şəxs vəzifədən  azad  olunmuş  və  ya müvəqqəti olaraq vəzifəsinin  icrasından  kənarlaşdırılmış,  4 halda xəbərdarlıq  olunmuş,  24  işçiyə töhmət və ya şiddətli töhmət verilmiş,  digər hallarda isə təqdimat əmək kollektivinin  iştirakı  ilə  geniş  müzakirə  olunaraq təqdimatda göstərilmiş  qanun pozuntularının  aradan  qaldırılması,  qanunvericiliyin  tələblərinə  ciddi  əməl  olunması, gələcəkdə bu kimi hallara yol verilməməsi üçün təxirəsalınmaz tədbirlərin görülməsi barədə müvafiq əməkdaşlara göstəriş verilib.

2022-ci ilin birinci yarımili ərzində Baş idarədə fəaliyyət göstərən 161 saylı “Qaynar xətt” əlaqə mərkəzinə daxil olmuş müraciətlərin 63-ü üzrə Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə cinayət işləri başlanmış, digərləri üzrə prokuror təsir tədbiri aktlarından istifadə edilməklə aidiyyəti qurumlarla əlaqəli şəkildə qabaqlayıcı tədbirlərin görülməsi təmin edilib.  

Bu müddət ərzində Baş İdarənin əməliyyat qurumları tərəfindən həyata keçirilən əməliyyat tədbirləri nəticəsində 23 şəxs cinayət başında yaxalanmış, əməliyyat üsul və vasitələrindən istifadə etməklə korrupsiya hüquqpozmaları barədə əldə edilmiş məlumatlar əsasında 96 cinayət işi başlanıb. 

Hesabat dövründə Baş Prokurorluğun İstintaq idarəsi tərəfindən 42 şəxs barəsində 28 cinayət işinin ibtidai istintaqı aparılmaqla baxılması üçün məhkəmələrə göndərilmiş, bunlardan 10 şəxs barəsində 10 iş qəsdən adam öldürmə faktları ilə bağlı olub.

İbtidai istintaqı başa çatdırılmış işlər üzrə 8 milyon 746 min manat məbləğində maddi ziyan vurulduğu müəyyən edilməklə həmin ziyandan 7 milyon 577 min manatın, yəni 86,6 %-nin ödənilməsi təmin olunub.

Kollegiya iclasında daxili işlər, dövlət təhülkəsizliyi və ədliyyə orqanları ilə birgə keçirilmiş peşəkar istintaq-əməliyyat tədbirləri ilə ötən illərdən bağlı qalmış qeyri-aşkar şəraitdə törədilmiş 12 qəsdən adam öldürmə və digər xüsusilə ağır cinayətlərin açılmasının təmin edilməklə hesabat dövründə onlardan 8-ı üzrə təqsirli şəxslərin məhkəmə məsuliyyətinə verildiyi xüsusi vurğulanıb.

Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokurorlarının iştirakı ilə hesabat dövründə birinci instansiya məhkəmələrində 8159 şəxs barəsində 7123, apelyasiya instansiyası məhkəmələrində 2651 şəxs barəsində 2269, kassasiya instansiyası məhkəməsində 1082 şəxs barəsində 964 (bütün instansiya məhkəmələri üzrə cəmi 11892 şəxs barəsində 10356 iş olmaqla) cinayət işi və məhkəməyədək sadələşdirilmiş icraat üzrə materiallara baxılaraq yekun qərarlar qəbul edilib.

Bildirilmişdir ki, ötən yarımildə “8 noyabr-Zəfər günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 5 noyabr 2021-ci il tarixli Qərarının icrası ilə əlaqədar ümumilikdə 4873 şəxs barəsində amnistiya tətbiq edilib.

2022-ci ilin birinci yarımilində Respublika Hərbi Prokurorluğu tərəfindən Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin ordu quruculuğu sahəsində tapşırıqlarının icrası ilə əlaqədar Müdafiə Nazirliyi, Sərhəd Qoşunları və digər qurumlarla birlikdə zəruri tədbirlərin görüldüyü qeyd edilib.

Kollegiya iclasında Naxçıvan Muxtar Respublikası Prokurorluğunda cinayətkarlığa və hüquq pozuntularına qarşı mübarizə sahəsində digər hüquq mühafizə orqanları ilə əlaqəli şəkildə uğurlu göstəricilər əldə olunduğu, istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətinə nəzarətin gücləndirildiyi, vətəndaşların  müraciətlərinə baxılmasının diqqətdə saxlanıldığı diqqətə çatdırılıb.

Bildirilib ki, hesabat dövründə tabe rayon (şəhər) prokurorluqlarının fəaliyyətində də qənaətbəxş nəticələr əldə olunmuş, 2021-ci ilin birinci yarımili ilə müqayisədə adam öldürmə cinayətləri 13 vahid artaraq qeydə alınmış 90 cinayətdən 89-nun, o cümlədən qeyri-aşkar şəraitdə törədilmiş, əksəriyyəti xüsusilə ağır cinayətlər olan, iki və daha çox şəxsin ölümü ilə nəticələnmiş 22 hadisənin isti izlərlə açılması təmin olunaraq, həmin cinayətlərin açılması 98,89% (2021-ci ilin birinci yarımilində 98,57 %) təşkil edib.

Cari ilin birinci yarımilində istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarətin səmərəliliyinin artırılması məqsədilə prosessual rəhbərlik və effektiv nəzarətin həyata keçirilməsini təmin edəcək mexanizmin təkmilləşdirilməsi üçün zəruri tədbirlər görülməklə cinayət işləri üzrə icraata xitam verilməsinə dair 430 qərar əsassız və qanunsuz hesab edilərək ləğv olunmuşdur.
Kollegiya iclasında intihar və intihar cəhd hadisələrinin azaldığı bildirilməklə, ötən ilin müvafiq dövrü ilə müqayisədə intihar hadisələrinin 9.4 %, intihara cəhd hadisələrinin 27.3% az qeydə alındığı vurğulanıb.

Hesabat dövründə özünü öldürmə həddinə çatdırma ilə bağlı 3 cinayət işi baxılması üçün aidiyyəti məhkəmələrə göndərilib.

Bu kimi halların minimuma endirilməsində Baş Prokurorluğun təşkilatçılığı ilə yaradılmış müvafiq qurumların nümayəndələrinin, həmçinin Baş Prokurorluğun əməkdaşlarının iştirak etdiyi İşçi qrupun həyata keçirdiyi tədbirlərin yerinə yetirilməsinin diqqət mərkəzində saxlanmasının önəmi bildirilib.

2022-ci ilin birinci yarımili ərzində cinayət təqibindən kənar icraatlarla əlaqədar inzibati xəta haqqında protokol tərtib etmək səlahiyyətinə malik qurumlarla işgüzar əlaqələrin qurulması təmin olunmaqla 241 şəxs barəsində inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərar qəbul edilmiş, həmçinin mülki mühakimə icraatı qaydasında və yetkinlik yaşına çatmayanların işləri üzrə məhkəmələrdə baxılmış işlər üzrə 4 valideynin valideynlik hüquqlarının məhdudlaşdırılmasına dair məhkəmələrdə iddialar qaldırılmış, qanunsuz rəftara, əzab və işgəncələrə məruz qalmaları ilə əlaqədar 7 uşaq sığınacaq və körpələr evinə yerləşdirilib.

Kollegiya iclasında xüsusi müsadirə, aktivlərin bərpası, idarə edilməsi və maliyyə istintaqına dair uğurlu beynəlxalq təcrübənin yaxından öyrənilməsi məqsədilə 1 fevral 2022-ci il tarixdən Azərbaycan Respublikası Baş Prokurorluğunun benefisiarı olduğu “Azərbaycanda əmlakların bərpası və idarə edilməsi sistemində islahatlara dəstək” adlı Tvinninq layihəsinin icrasına başlanılmaqla xarici ekspertlərin ölkəmizə çoxsaylı səfərlərinin, iclaslar və dəyirmi masa müzakirələrinin həyata keçirildiyi diqqətə çatdırılıb.

Hesabat dövründə prokurorluq orqanlarının beynəlxalq nüfuzunun artırılması istiqamətində xarici ölkələrin müvafiq orqanları və beynəlxalq təşkilatlarla əlaqələr genişlənib, Baş Prokurorluğun Beynəlxalq hüquqi əməkdaşlıq idarəsinin həyata keçirdiyi tədbirlərlə ağır və xüsusilə ağır cinayətlərdə ittiham olunan 13 nəfər təqsirləndirilən şəxsin ölkə xaricindən  ekstradisiyası təmin edilib.

Kollegiya iclasında qeyd edilmişdir ki, ötən yarımildə xidməti, icra və əmək intizamının daha da möhkəmləndirilməsi, fəaliyyətlərində qanunsuzluq hallarına və prokurorluq işçisinə yaraşmayan hərəkətlərə yol verən işçilərə münasibətdə tələbkarlıq artırılmış, aparılmış xidməti yoxlamalar nəticəsində müxtəlif xətalar törətdiklərinə görə 13 prokurorluq işçisi intizam məsuliyyətinə cəlb edilmişdir ki, onlardan 8-nə töhmət və ya şiddətli töhmət elan edilmiş, 3 nəfər vəzifədən azad edilmiş, 1 nəfərə irad tutulmuş, 1 nəfər isə prokurorluq orqanlarından xaric edilib.  

Hesabat dövründə kadr işinin düzgün təşkili və onun müasir standartlar səviyyəsində daha da təkmilləşdirilməsi istiqamətində bir sıra tədbirlərin yerinə yetirildiyi, eləcə də prokurorluq orqanlarının vakant vəzifələrinin obyektiv meyarlarla və şəffaf prosedurlar əsasında gənc hüquqşünaslarla komplektləşdirilməsinin təmin edilməsi məqsədilə işə qəbul olunmaq arzusunda olan şəxslər üçün ötən yarımil 50 ştat vahidi üzrə növbəti müsabiqə elan edildiyi diqqətə çatdırılıb.

Bildirilibki, 2022-ci ilin birinci yarımilində də vətəndaş müraciətlərinə baxılması və onların qəbulu işinin düzgün təşkili daim diqqətdə saxlanılmış, müraciətlərə baxılması və vətəndaşların qəbulu sahəsində nöqsanların aradan qaldırılması, şəhid ailələri və qazilərin müraciətlərinə xüsusi həssaslıqla yanaşılması, informasiya-kommunikasiya texnologiyalarının nailiyyətlərindən istifadə olunması, əməkdaşların peşə hazırlığının yüksəldilməsi istiqamətində zəruri tədbirlər görülüb.

Bu müddətdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına və bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Baş prokuror tərəfindən Respublikanın 9 rayonunda ümumilikdə 26 bölgədən 500-dən artıq vətəndaş qəbul edilməklə müraciətlərdə qaldırılan və bilavasitə prokurorluq orqanlarının səlahiyyətlərinə aid olan məsələlərin qanunauyğun həlli barədə Baş Prokurorluğun əlaqədar struktur qurumlarının rəhbərlərinə və tabe prokurorlara müvafiq göstərişlər verilmiş, həmçinin təsərrüfat, əmlak, mülki xarakterli mübahisələrə və sosial məsələlərə dair müraciətlərin müvafiq mərkəzi, yerli icra hakimiyyəti və məhkəmə orqanlarında zəruri tədbirlərin görülməsi məqsədilə aidiyyəti üzrə göndərilməsi təmin edilib.

Qeyd edilib ki, Baş Prokurorluğun “Çağrı Mərkəzi”nə 2022-ci ilin birinci yarımilliyində 7721 müraciət daxil olmuş, vətəndaşların onları maraqlandıran 7425 müraciəti üzrə müvafiq hüquqi izahlar verilmiş, müraciət edən vətəndaşların qaldırdığı məsələlər cinayət xarakterli məlumatlar olduğu üçün 296 məlumat qeydə alınıb araşdırılması üçün aidiyyatı struktur qurumlara tapşırılmaqla 2 müraciət üzrə cinayət işləri başlanıb.

Kollegiya iclasına yekun vuran Baş prokuror Kamran Əliyev Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə həyata keçirilən uğurlu dövlətçilik siyasətini hərtərəfli dəstəkləyən prokurorluq orqanlarının bundan sonra da digər hüquq mühafizə orqanları ilə əlaqəli şəkildə ictimai-siyasi sabitliyin və əmin-amanlığın qorunması, cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi, insan hüquq və azadlıqlarının etibarlı müdafiəsi üçün zəruri tədbirlərin görülməsini təmin edəcəyinə əminliyini ifadə edib.

Leave a Reply