Anna Başta qılıncoynatma üzrə dünya çempionatının gümüş medalına sahib olub

Misirin paytaxtı Qahirədə keçirilən qılıncoynatma üzrə dünya çempionatında qadın sablyaçıların şəxsi yarışında qaliblər müəyyənləşib.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, mübarizəyə əsas mərhələdən başlayan milli komandamızın lideri Anna Başta ilk görüşündə Dominikan idmançısı Valentin Heyddisə 15:9 hesabı ilə qalib gələrək onaltıdabir finala yüksəlib. Bu mərhələdə kanadalı Medison Zurqudu 15:8 hesabı ilə məğlub edən Azərbaycan qılıncoynadanı səkkizdəbir finalda İtaliya sablyaçısı Martina Kriskioyanı mübarizədən kənarlaşdırıb – 15:6.

Dünya reytinqinin 1 nömrəsi olan qadın sablyaçımız dörddəbir finalda yunan Teodora Qkountouranı 15:11 hesabı ilə məğlubiyyətə uğradıb. Yarımfinalda Annanın rəqibi digər yunan sablyaçısı Despina Georgiadou olub. Rəqibi üzərində 15:9 hesablı qələbə qazanan sablyaçımız həlledici görüşdə Yaponiya idmançısı Emura Misaki ilə qarşılaşıb. Rəqibinə 10:15 hesabı ilə uduzan sablyaçımız dünya çempionatının gümüş medalını qazanıb.

Cari mövsüm 2 Dünya Kubokunun və 1 Qran-Prinin mərhələ yarışının qalibi olan sonuncu Avropa çempionu Anna Baştaya dünya reytinqinin 1 nömrəsi olaraq ilin sonunda keçiriləcək FIE-nin konqresində Dünya Kuboku təqdim ediləcək. Daha öncə bu titula Yelena Jemayeva layiq görülüb.

Leave a Reply Cancel reply