Masazır sakinlərinə 5 gündür su verilmir

“Azərsu” Açıq Səhmdar Cəmiyyəti Masazır sakinlərinin su təchizatı problemi ilə bağlı açıqlama verib. 

TIME Oxu.Az-a istinadən bildirir ki, ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı sözügedən ünvanda suyun verilməsində fasilə xətdə yaranan problemlə bağlıdır: “Rəhbərliyin göstərişi ilə ASC tərəfindən əraziyə maşınlar təhkim olunub. Bu gün və sabah gün ərzində insanların su ilə təminatı maşınlarla həyata keçiriləcək. Magistral kəmərdə suyun verilməsi təmin olunduqdan sonra insanlar əvvəlki qaydada şəbəkədən su ilə təmin olunacaq”.

Yay mövsümünün gəlişi ilə Masazır sakinlərinin ənənəvi su təchizatı problemi də gündəmə gəlib, belə ki, artıq 5 gündür sözügedən qəsəbəsinin bir çox hissəsində içməli suyun verilməsi dayandırılıb.

Nizami Gəncəvi, Həsi Aslanov, Rafiq Dünyamalıyev, Hüseyn Cavid küçələrində isə vəziyyət lap acınacaqlıdır. Sakinlər isti yay günlərində suyu maşınlarla gətizdirmək məcburiyyətində qalırlar. Bu isə 30-40 manata başa gəlir.

N.Gəncəvi 48 ünvanında yaşayan V.Əliyevin dediklərinə görə, istər Abşeron Rayon Sukanal İdarəsinə, istərsə də “Azərsu” ASC-nin “Qaynar xətt”inə çoxsaylı müraciətlər heç bir nəticə vermir: 

“Neçə illərin təcrübəsindən çıxış edən Masazır sakinləri bu susqunluğun adət üzrə payız aylarına qədər davam edəcəyindən çox narahatdırlar. Əhalinin içməli su ilə təminatına cavabdeh olan strukturun səhlənkarlığı və biganəliyi Masazır sakinlərinə yaratdığı problemlə yanaşı həm də ayda orta hesabla hər ailənin büdcəsinə 100 manat civarında zərər vurur. Lakin cəzasızlığına tam əmin olan “Azərsu” ASC-ni və bu strukturun evlərində su problemi yaşamayan bütün vəzifəli şəxslərini bunlar qətiyyən narahat etmir”.

Leave a Reply