Bəstəkar Sevda İbrahimova vəfat edib

Azərbaycan Respublikasının Xalq artisti, bəstəkar, professor Sevda İbrahimova 83 yaşında uzun sürən xəstəlikdən sonra 17 iyul 2022-ci il tarixində dünyasını dəyişib.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, Sevda İbrahimova 1939-cu il noyabrın 28-də Bakıda anadan olub. Atası Azərbaycan milli mədəniyyətinin inkişafında böyük xidmətləri olan görkəmli yazıçı, ictimai xadim Mirzə İbrahimov, babası Azərbaycan xalq musiqisinin görkəmli nümayəndəsi tarzən Qurban Primovun Sevda xanımın yaradıcılığına böyük təsiri olub.

Sevda İbrahimova Bülbül adına musiqi məktəbini fərqlənmə diplomu ilə bitirdikdən sonra iki ali musiqi təhsili alıb. Azərbaycan Dövlət Konservatoriyasını piano və bəstəkarlıq fakültəsi üzrə bitirib. Onun müəllimləri Mayor Brenner və Qara Qarayev olub.

Qeyd edək ki, Sevda İbrahimova iki operanın, beş fortepiano konsertinin, orqan, tar və orkestr üçün konsertlərin, kantataların, kamera-instrumental və vokal kompozisiyalarının, fortepiano üçün çoxsaylı silsilələrin, uşaqlar üçün müxtəlif janrlı əsərlərin, film və tamaşalar üçün musiqilərin müəllifidir. Bəstəkarın əsərləri təkcə ölkəmizdə deyil, ABŞ, Fransa, İsveç, Almaniya və dünyanın digər ölkələrinin konsert salonlarında səslənir.

Sevda İbrahimovanın əziz xatirəsi onu sevənlərin qəlbində daima yaşayacaq.

Allah rəhmət eləsin!

Leave a Reply Cancel reply