Ağalı kəndinə köç 4 mərhələdə həyata keçiriləcək

Bu gündən əhalinin ilk qrupunun Zəngilanın Ağalı kəndinə köçürülməsinə başlanılıb.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, proses 4 mərhələdə həyata keçiriləcək. Prosesin birinci mərhələsində 40-dan çox ailənin Ağalıya köçürülməsi planlaşdırılıb. Onlar arasında ortayaşlı sakinlər üstünlük təşkil edir. Vətəndaşların məşğulluq, sosial, təhsil, tibbi məsələləri müvafiq qurumlar tərəfindən təmin olunacaq.

Kənddə reallaşdırılan layihənin icrası – yaşayış, istehsal, sosial xidmətlər, “ağıllı kənd təsərrüfatı”, alternativ enerji sahələri üzrə həyata keçirilib. Ağalıda inşa olunan 200 evdən ibarət kəndin enerjiyə olan tələbatı yalnız alternativ enerji mənbələrindən əldə ediləcək. Kənddə DOST Agentliyinin “Şərqi Zəngəzur və Qarabağ” proqramı çərçivəsində “Smart DOST” xidmət məntəqəsi də fəaliyyətə başlayacaq. Ağalıda “Dost Aqropark” fəaliyyət göstərəcək.

Kənddə sakinlərin rahatlığı üçün hər cür şərait yaradılıb. Ağalı kənd meydanında otuz ilə yaxın müddətdə işğal altında qalan əzəli torpaqlarda sülhün əbədi gerçəkləşdirilməsini təcəssüm etdirən göyərçin abidə-fəvvarə kompleksi ucaldılıb. Qəsəbədə, eyni zamanda, “Azərpoçt” MMC-nin rayon şöbəsi, “ASAN xidmət” və DOST, həmçinin Kiçik və Orta Biznesin İnkişafı mərkəzləri təsis olunub.

Beləliklə, sakinlərin dövlət xidmətlərinə rahat çıxışı gerçəkləşib, onların “ASAN” və ya “DOST” xidmətlərinə müraciət üçün rayon mərkəzinə getmələrinə ehtiyac qalmayıb.

Bu mərkəzlərdə kənd sakinlərinə sosial təminat və məşğulluq sahəsində 100-dən çox xidmət onlayn formada göstəriləcək. Vətəndaş tərəfindən birbaşa videobağlantı ilə “DOST” mərkəzlərinin sosial agentinə müraciət olunacaq.

Leave a Reply Cancel reply