Mədəniyyət müəsissələri dövlət büdcəsinə 1 milyon 870 min manat zərər vurub

4 iyul 2022-ci il tarixdə mediada Mədəniyyət Nazirliyi tərəfindən Regional Mədəniyyət İdarələrində və tabe müəssisələrdə aparılmış yoxlama və xidməti araşdırmaların nəticələrinə əsasən son bir il ərzində hüquq mühafizə orqanlarına 11 müraciətin göndərilməsi barədə məlumatlar yayılıb.  

TIME rəsmi mənbəyə istinadən bildirir ki, Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində 2021-ci il və 2022-ci ilin birinci yarısında Mədəniyyət Nazirliyinin müraciəti əsasında 11 halda araşdırma aparılmış, bunlardan Bakı şəhəri, Bərdə, Şamaxı, Ağcabədi və Kürdəmir rayonları ərazisində yerləşən mədəniyyət müəssisələrinin rəhbər vəzifəli şəxslərinin əsasən dələduzluq, mənimsəmə və israf etmə, rüşvət alma, vəzifə səlahiyyətlərindən sui-istifadə və vəzifə saxtakarlığı cinayətləri törətmələri faktlarına dair 8 cinayət işi başlanılıb.

Bunlardan 4 şəxs barəsində 4 cinayət işi baxılması üçün aidiyyəti üzrə məhkəmələrə göndərilib, 1 cinayət işi üzrə dövlətə vurulub zərərin ödənilməsi təmin edildiyindən icraata xitam verilib, 3 cinayət işi üzrə isə hazırda istintaq davam etdirilir.

Törədilib qanuna zidd əməllər nəticəsində dövlət büdcəsinə vurulmuş 1 milyon 870 min manat zərərin 917 min manat hissəsinin istintaq dövründə ödənilməsi təmin edilib, zərərin qalan hissəsinin ödənilməsi istiqamətində zəruri istintaq hərəkətləri davam etdirilməkdədir. 

Araşdırma zamanı Mədəniyyət Nazirliyi tərəfindən təqdim edilmiş materiallarda 4 müəssisə ilə bağlı cinayət işinin başlanması üçün kifayət qədər əsaslar müəyyən edilməmiş, qanun pozuntularının, onları doğuran səbəb və şəraitin aradan qaldırılmasına dair 5 təqdimat göndərilmiş, 2 nəfər şəxsə münasibətdə qanun pozuntularından çəkindirmək məqsədi ilə prokuror tərəfindən xəbərdarlıq elan edilib.

Leave a Reply Cancel reply