Azərbaycan Respublikası Audiovizual Şurası üç ümumölkə yerüstü radio yayımçısı lisenziyasının alınması üçün müsabiqələr elan edib.
TIME rəsmi mənbəyə istinadən bildirir ki, qərar Audiovizual Şuranın bu gün keçirilən iclasında qəbul olunub.
İclasda radio yayımı üçün yararlı olan, boş radiotezliklərin istifadəsi məsələsinə baxılıb. Qeyd olunub ki, “Media haqqında” Azərbaycan Respublikası Qanununun 35.1ci maddəsinun tələblərinə uyğun olaraq Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Dövlət Radiotezliklər İdarəsi ölkə üzrə mövcud olan radio-televiziya yayım stansiyalarından radio yayımın həyata keçirilməsi üçün istifadəyə yararlı radiotezliklərin siyahısını Şuraya təqdim edib.
Alınan bu məlumatlar əsasında Şura aparatının Audiovizual yayıma texniki nəzarət, informasiya texnologiyaları və kommunikasiya şöbəsinin və Dövlət Radiotezliklər İdarəsinin mütəxəssisləri zəruri monitorinqlər həyata keçirib, yoxlamalar aparıb.
İclasda bununla bağlı Şura üzvlərinə məlumat verilmiş, alınan məlumatlar əsasında Şura üzvləri yeni ümumölkə yerüstü radio yayımçılarının fəaliyyətinin mümkünlüyü qənaətinə gəliblər.
Aparılan müzakirələrdən sonra yayım üçün yararlı radiotezlik resurslarından səmərəli istifadə olunmasını təmin etmək, həmçinin, ümumölkə miqyasında radio yayımında müxtəlifliyin inkişafına nail olmaq məqsədilə 3 (üç) yeni ümumölkə yerüstü radio yayımçısı lisenziyasının alınması üçün “Media haqqında” Azərbaycan Respublikası Qanununun 29.1-ci, 50.1.3-cü və 51.1-ci maddələrinin tələblərinə uyğun olaraq ayrı-ayrı müsabiqələrin elan edilməsi barədə qərarlar qəbul edilib.