Xəzər dənizinin problemləri beynəlxalq konfransda müzakirə edilib

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Xəzər hövzəsinin təmizlənməsi üzrə bir sıra tədbirlər keçirir.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, bunu ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev Xəzər dənizinə həsr olunan beynəlxalq konfrans zamanı deyib.

Onun sözlərinə görə, nazirlik həmçinin Xəzər dənizində suyun səviyyəsinin azalması məsələsi üzrə tədqiqatlar aparır.

“Bu istiqamətdə ekspertlərlə, Xəzər regionu ölkələri ilə və ixtisislaşmış təşkilatlarla regional əməkdaşlıq həyata keçirilir”, – nazir deyib.

M.Babayev onu da qeyd edib ki, Xəzər dənizinin səviyyə tərəddüdləri sahilboyu zonaların vəziyyətinə mənfi təsir göstərir.

“Hazırda Xəzər regionu həll olunmamış ekoloji problemlərin mənfi təsiri ilə bağlı bir sıra çətinliklərlə üzləşir. Bioresursların azalması, dəniz mühitinin çirklənməsi kimi antropogen təsirlərlə yanaşı, təbii mənşəli problemlər – iqlim dəyişikliyi nəticəsində dəniz səviyyəsinin uzunmüddətli aşağı düşməsi dəniz ekosistemlərinin deqradasiyasına gətirib çıxarır. Xəzər dənizinin səviyyə tərəddüdləri sahilboyu zonaların vəziyyətinə və iqtisadiyyatın dənizlə bağlı olan bir sıra sahələrinə mənfi təsir göstərir. Xəzər dənizinin ətraf mühitinin mühafizəsi və təbii ehtiyatlardan səmərəli istifadə məsələləri Xəzəryanı ölkələrin milli siyasətinin prioritet istiqamətlərindəndir”, – deyə nazir qeyd edib.

M.Babayev, keçən həftə Aşqabadda keçirilən Xəzəryanı Dövlətlərin Dövlət Başçılarının Zirvə Toplantısında bu məsələlərə xüsusi diqqətin yetirilməsinin təsadüfi olmadığını vurğulayıb: “Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Toplantıda çıxışı zamanı Xəzər dənizinin ətraf mühitin bugünkü vəziyyətinin və dəniz səviyyəsinin aşağı düşmə dinamikasının narahatlıq doğurduğunu, bu problemlərin həlli ilə əlaqədar əməkdaşlığın genişləndirilməsində maraqlı olduğumuzu bildirmişdir. Azərbaycanda da Xəzər dənizinin ətraf mühitinə mənfi təsirləri minimuma endirmək üçün tədbirlər görülür. Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub olan bölməsində ekoloji vəziyyətin qiymətləndirilməsi, dənizin bioloji ehtiyatlarının və hidroloji vəziyyətinin öyrənilməsi və dəniz ətraf mühitinə mümkün neqativ təsirlərin müəyyənləşdirilməsi məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Əlif Hacıyev” elmi-tədqiqat gəmisi ilə mütəmadi ekspedisiyalar keçirilir. Biz bu ekspedisiyaları zamanı toplanmış monitorinq məlumatları ilə bütün maraqlı tərəflərlə bölüşməyə hazırıq. Eyni zamanda Xəzər dənizində birgə ekoloji monitorinqlərin planlaşdırılması və həyata keçirilməsini təklif edirik. Burada regional əməkdaşlığın, xüsusilə ekoloji problemlərin həllində Xəzəryanı ölkələrin səylərinin birləşdirilməsi üçün hüquqi baza yaradan “Xəzər dənizinin ətraf mühitinin mühafizəsi üzrə Çərçivə Konvensiyası”nın mühüm rolunu qeyd etmək lazımdır. İnanıram ki, akademik sektor, müvafiq təşkilatların mütəxəssisləri, beynəlxalq və qeyri-hökumət təşkilatlarının nümayəndələri, müstəqil ekspertlərin qoşulduğu konfrans Xəzər dənizinin ekolioji problərinin müzakirəsi və vəziyyətdən çıxış yollarının araşdırılması üçün platforma rolunu oynayacaq”.

Leave a Reply