Kritik informasiya infrastrukturu təhlükəsizliyinin pozulmasına görə cərimələr tətbiq edilir

Prezident İlham ƏliyevAzərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu təsdiq edib.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, Qanuna aşağıdakı məzmunda 371-1-ci maddə əlavə edilir:

“Maddə 371-1. Kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi qaydasının pozulması

371-1.1. Kritik informasiya infrastrukturu obyektinin təhlükəsizliyi üzrə ümumi və xüsusi tələblərin infrastrukturun sahibi, onun vəzifəli şəxsi və ya ona kibertəhlükəsizlik xidməti göstərən provayder (təchizatçı) tərəfindən pozulmasına görə –

vəzifəli şəxslər beş yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan dörd min manatadək məbləğdə cərimə edilir.

371-1.2. Kritik informasiya infrastrukturunun informasiya təhlükəsizliyini idarəetmə sisteminin yaradılmasına və funksionallığının təmin olunmasına dair tələblərin pozulmasına görə –

vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər dörd min manatdan beş min manatadək məbləğdə cərimə edilir.

371-1.3. Kritik informasiya infrastrukturu obyektinə yönəlmiş kibertəhdidlər, kiberhücumlar, kiberinsidentlər və bu əməllərin törədilməsinə cəhdlər barədə məlumatın müəyyən edilmiş qaydada kritik informasiya infrastrukturu subyekti tərəfindən aidiyyəti dövlət orqanına təqdim edilməməsinə görə – vəzifəli şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, hüquqi şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir.

Qeyd: Şəxs bu Məcəllənin 371-1.2-ci maddəsində nəzərdə tutulmuş tələblərin pozulmasına görə inzibati məsuliyyətə cəlb olunduqda, 3 ay ərzində kritik informasiya infrastrukturunun informasiya təhlükəsizliyini idarəetmə sistemini yaratmalı və onun funksionallığını təmin etməlidir. Bu müddətdə şəxs həmin əməlin törədilməsinə görə təkrarən inzibati məsuliyyətə cəlb olunmur.”.

Bununla yanaşı,Qanuna aşağıdakı məzmunda 602-3-cü maddə əlavə edilir:

“Maddə 602-3. Kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi sahəsində səlahiyyətli orqanın (vəzifəli şəxsin) tələblərinin yerinə yetirilməməsi və ya ona maneçilik törədilməsi

Kritik informasiya infrastrukturu obyektlərinin təhlükəsizliyi üzrə tələblərin pozulması hallarının aradan qaldırılmasına dair səlahiyyətli orqanın (vəzifəli şəxsin) tələbinin yerinə yetirilməməsinə, yaxud kibertəhdidlərin və kiberhücumların aşkarlanması, qarşısının alınması və təhlükəsizlik insidentlərinin araşdırılması üçün səlahiyyətli orqana (vəzifəli şəxsə) lazımi şəraitin yaradılmamasına və ya maneçilik törədilməsinə görə – vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər dörd min manatdan beş min manatadək məbləğdə cərimə edilir.”.

Leave a Reply Cancel reply