Meymun çiçəyi virusu və vaksinasiya haqda yeni açıqlamalar verilib

Azərbaycan tərəfi Ümumdünya Səhiyyə Təşkilatının meymunçiçəyi virusunun təsbit edən testlərin ölkəyə gətirilməsi üçün ilk müraciət edən ölkələrdən olub.

TIME bildirir ki, səhiyyə naziri Teymur Musayev “Tibb biznesində perspektiv imkanlar” mövzusunda keçirilən ictimai müzakirələrdən sonra jurnalistlərə açıqlamasında, artıq həmin testlər ÜST-nin Azərbaycandakı Nümayəndəsinin rəhbərinə rəsmi şəkildə təhvil verildiyni deyib: “Testlər yaxın 2-3 gün ərzində Azərbaycana gətiriləcək. Hazırda heç bir sərhəd-keçid məntəqəsində meymunçiçəyi virusu ilə əlaqəli hər hansı spesifik tədbirlərin görülməsi nəzərdə tutulmur. Azərbaycan daim Ümumdünya Səhiyyə Təşkilatının verdiyi qayda və tövsiyələrə əsasən ölkədə epidemioloji nəzarəti qurur. Ölkəmiz həmin qayda və tövsiyələrə tam riayət edir”.

Nazir onuda qeyd edib ki, Azərbaycanda bu günə kimi meymunçiçəyi virusuna yoluxma faktı qeydə alınmayıb: “Xəstəliyin hazırkı vəziyyətdə yalnız sıx təmas nəticəsində ötürülməsi qeydə alınır. Virusun özünəməxsus simptomları var. Əsas təsdiqedici yol laborator müayinələrdir. Bu gün ölkədə heç şübhəli hal da yoxdur. Odur ki, heç bir müayinə üsuluna ehtiyac olmayıb. Gətirilən testlər xüsusi təhlükəli infeksiya nəzarət mərkəzinə təhvil veriləcək. Bütün müayinələr də orada həyata keçiriləcək”.

Nazirin sözlərinə əsasən, meymunçiçəyi virusuna qarşı heç bir vaksinasiya nəzərdə tutulmur: “Bu da Ümumdünya Səhiyyə Təşkilatının strategiyasından irəli gəlir. Yəni hazırda heç bir peyvəndə ehtiyac duyulmur”.

Koronavirusa yoluxma sayından bəhs edərək Teymur Musayev qeyd edib ki, yay mövsümü olduğundan insanlar daha çox kütləvi tədbirlərə üz tutur və bu səbəbdən koronavirusa yoluxma saylarında nisbətən artım qeydə alınır: “Ümumilikdə ölkədə epidemioloji vəziyyət stabildir. Ağırlaşmalar demək olar ki, yoxdur. Hospitalizasiya sayları bu gün kifayət qədər aşağı rəqəmlərdədir. Hesab edirik ki, epidemioloji vəziyyət tam nəzarətdədir. Təbii ki, hər hansı bir sıçrayış olsa, uyğun şəkildə müvafiq addımlar atılacaq”.

Nazir eyni zamanda, Türkiyə istehsalı TÜRKOVAC vaksininin Azərbaycanda 3-cü fazada kliniki sınaq mərhələsi haqqınmda da bəhs edib: “Türkiyə istehsalı TÜRKOVAC vaksininin Azərbaycanda 3-cü fazada kliniki sınaq mərhələsi çərçivəsində peyvənd vurduranlar olub. Bu günə əldə edilən ilkin nəticələr müsbətdir. Tam geniş elmi açıqlama tələb olunan sayı əldə etdikdən sonra və Türkiyədə aparılan laborator müayinələr nəticəsində bəyan ediləcək”.

Leave a Reply