Neyroblastomadan əziyyət çəkən 6 yaşlı Şəfaya kömək edək

6 yaşlı Şəfa Ramazanovanın valideynləri mediayaya müraciət edərək qızlarını xilas etmək üçün kömək istəyiblər. Qız 4-cü mərhələ neyroblastomadan əziyyət çəkir. Ötən ilin avqust ayına qədər Şəfa ailəsi – ana, ata və böyük bacısı ilə adi, sakit həyat keçirirdi. Ana uşaqlara baxırdı, ata işləyirdi.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, koronavirus pandemiyasının tüğyan etdiyi zaman Şəfanın qəfildən hərarəti qalxıb və qız “COVID-19” diaqnozu ilə xəstəxanaya yerləşdirilib. İki həftə sonra uşağın vəziyyəti stabilləşib və o, evə buraxılıb. Ancaq cəmi bir neçə gün sonra vəziyyəti yenidən pisləşib, hərarəti yüksəlib, qız şiddətli ağrılardan şikayət etməyə başlayıb. Həkimlər qızı analiz verməyə göndəriblər və əvvəlcə qızcığazda meningit şübhəsi olub.

Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunda Şəfa daha mürəkkəb qan nalizləri verib, daha sonra isə valideynləri qızı Xərçəng Mərkəzinin uşaq şöbəsinə aparıblar. O zaman dəqiq diaqnoz qoyulmayıb, amma qız getdikcə pisləşib, başında şiş yaranıb: “Həkimlər bizi MRT-yə göndərdilər və bu müayinə şişin olduğunu göstərdi. Ertəsi gün qızım bel ağrılarından şikayət etməyə başladı və əlavə MRT müayinəsində onurğa sütununun altında da şişin olduğu məlum oldu. Dəhşətdən az qala dəli olacaqdıq, amma özümüzü ələ aldıq – qızımızı xilas etmək lazım idi… Respublika Diaqnostika Mərkəzində qızı biopsiya etdilər, sonra isə Onkoloji Mərkəzinin uşaq şöbəsində Şəfaya “4-cü mərhələnin neyroblastoması” kimi dəhşətli diaqnoz qoydular,” – deyə Şəfanın valideynləri bildirir.

Dərhal müalicəyə başlanılıb və birinci kurs başa çatdıqdan sonra valideynlər topladıqları pulu götürərək və yaxınlarının köməkliyi ilə körpəni İstanbul MEDİPOL MEQA klinikasına aparıblar. Orada diaqnoz təsdiqlənib, lakin artıq böyrəküstü vəzlərdə də metastaz aşkarlanıb və yeni analizlər götürülüb.

Sonradan İzmir Onkologiya Universitetindən Şəfanın valideynlərinə ümidverici cavab gəlib: xəstəliyin hansı mərhələdə olmasına baxmayaraq, bu növ şişlər müalicə olunur. Yəni Şəfanın sağalma şansı var. Maddi imkansızlıq üzündən Bakıya qayıtmaq məcburiyyətində qalan valideynlərə bu xəbər ayaqda qalmağa kömək edib və Şəfanın müalicəsini Bakıda davam etdiriblər.

Bir qədər sonra əsl möcüzə baş verib: anonim sponsor qızın İstanbulda, Acıbadem klinikasında müalicəsini ödəyib. Orada Şəfa 6 kurs kimya terapiyası və 2 kurs xüsusi inyeksiyalarla məqsədyönlü müalicə kursu keçib. Bu müddət ərzində metastazlar tamamilə yox olub və həkimlər müsbət tendensiyanın olduğunu bildiriblər. Lakin indi Şəfaya sümük iliyi transplantasiyası əməliyyatı aparılmalıdır.

Hazırda qız tam müayinədən keçir, lakin iyunun sonuna qədər həkimlər sonrakı müalicə planına qərar verməlidirlər. Qızın böyrəküstü vəzisinin zədələnmiş hissəsi çıxarılmalı, sonra əlavə kimya terapiyası kurslarından keçməli və sümük iliyi köçürülməlidir: “Təəssüflər olsun ki, adını bilmədiyimiz və Şəfanın əvvəlki müalicələrinin hamısını ödəmiş şəxs artıq bizə kömək edə bilməyəcək. Göstərdiyi köməyə görə ona sonsuz minnətdarıq. Bununla belə, necə davam edəcəyimizi düşünməliyik, çünki indi, Şəfanın sağalmaq üçün real şansı olduğu bir vaxtda təslim ola bilmərik. Amma biz nə edəcəyimizi, bu qədər böyük pulu haradan alacağımızı bilmirik, ona görə də soydaşlarımıza müraciət etməyi qərara almışıq”, – deyə qızın atası bildirir.

Əməliyyatın qiyməti 130 min dollardır (Şəfanın yaxınları donor kimi uyğun gəlmir və donor yalnız Almaniyada tapılıb). İndi ailəyə edilən bütün yardımlar Instagram və Tik-Tok-da Şəfaya yardım qrupunda toplanır: “Şəfanın cəmi altı yaşı var və o, artıq çox ağrılar keçirib. Amma o, həqiqətən sağlam olmaq, həmyaşıdları ilə oynamaq, məktəbə getmək istəyir. Biz onun yaşamasını istəyirik. Hər gün Allaha dua edirik ki, Şəfamız yenidən sağlam olsun. Sizdən xahiş edirik ki, bu məbləği toplamaqda bizə
kömək edəsiniz”, – qızın valideynləri deyir.

Biz də bu ailəyə kömək etmək imkanı olan bütün insanlardan biganə qalmamalarını xahiş edirik.
Aşağıda bank məlumatlarını və tibbi sənədlərin ekran görüntülərini dərc edirik.

Kapital Bank kartı: 4169 7385 5975 9885
Bank Respublika kartı: 5261 6333 3312 2886 (Ruslan Ramazanov)
Ailə ilə əlaqə: (050) 717 27 74, (055) 713 53 13
İanə edən əlləriniz üzülməsin!

Leave a Reply Cancel reply