Dövlət orqanlarında vakant inzibati vəzifələrin tutulması üçün daxili müsahibə elan edilir

Daxili müsahibədə iştirak etmək istəyən namizədlər 19 iyul 2022-ci il saat 18:00-dək  qeydiyyatdan keçməlidirlər.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, 30 iyun 2022-ci il tarixindən 11 dövlət orqanında inzibati vəzifələrin 2-7-ci təsnifatına uyğun olan vəzifələrin A və B növü üzrə daxili müsahibə elanı verilib. 

Mərkəzi icra hakimiyyəti və məhkəmə hakimiyyəti orqanları daxil olmaqla elana çıxarılan vəzifələrin 28-si dövlət qulluğu vəzifələrinin A növünə (inzibati rəhbər) və 15-i B növü vəzifələrə (inzibati icraçı) aiddir.

Daxili müsahibəyə çıxarılan vəzifələr arasında ən yüksək vəzifə inzibati vəzifələrin 2-ci təsnifatına uyğun olan Hesablama Palatasında Dövlət büdcəsi və strateji təhlil şöbəsinin müdiri vəzifəsidir.

Ümumilikdə isə İqtisadiyyat Nazirliyində 10, Maliyyə Nazirliyində 10, Ekologiya və Təbii Sərvətlər Nazirliyində 7, Qida Təhlükəsizliyi Agentliyində 6, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində 2, Hesablama Palatasında 2, Əqli Mülkiyyət Agentliyində 2, Dövlət Şəhərsalma və Arxitektura Komitəsində 1, Energetika Nazirliyində 1, Audiovizual Şurada 1 və Bakı Hərbi Məhkəməsində 1 vakant vəzifə daxili müsahibə elanına çıxarılmışdır.

Qanunvericiliyin tələblərinə uyğun olaraq, daxili müsahibə üzrə sənəd qəbulu elektron qaydada həyata keçirilir. Daxili müsahibə üzrə sənəd qəbulunun elektron qaydada həyata keçirilməsi vətəndaşların rahatlığının təmin edilməsi, vaxt itkisinin və maliyyə xərclərinin qarşısının alınması, habelə Mərkəz tərəfindən göstərilən dövlət xidmətlərinin daha əlçatan olmasına imkan verir.

Daxili müsahibədə aşağıdakı şəxslər iştirak hüququna malikdir:

  •  Vakant vəzifəni təqdim etmiş dövlət orqanında inzibati vəzifələrdə qulluq keçən və inzibati vəzifələrin təsnifatına uyğun ixtisas dərəcəsi olan dövlət qulluqçuları;
  • Dövlət orqanının ləğvi, dövlət qulluqçularının sayının və ya ştatlarının ixtisarı ilə əlaqədar daxili müsahibə elan edilən dövlət orqanında ehtiyat kadr kimi saxlanılan şəxslər.
  • 1-3-cü kateqoriya dövlət orqanlarında inzibati vəzifələrin 1-3-cü təsnifatlarına uyğun olan vəzifələrə, habelə mərkəzi icra hakimiyyəti orqanlarında (Ali Attestasiya Komissiyası daxil olmaqla) şöbə müdiri, rəhbərin müşaviri və rəhbərin köməkçisi vəzifələrinə iddia edən şəxslər.

Daxili müsahibədə iştirak etmək istəyən namizədlər 30 iyun 2022-ci il tarixindən 19 iyul 2022-ci il saat 18:00-dək Mərkəzin internet portalında “Dövlət qulluğu üzrə müraciət Forması”nı doldurmaqla qeydiyyatdan keçməlidirlər.

Leave a Reply Cancel reply