Bakıda Nizami rayonu, Qara Qarayev küçəsi 116 ünvanında yerləşən binanın balkonundan ana və azyaşlı uşaq yıxılıblar.
TIME Trend-ə istinadən bildirir ki, binanın 7-ci mərtəbəsində yaşayan 2020-ci il təvəllüdlü Umalatov Tamerlan Tofiq oğlu balkondan 6-cı mərtəbənin balkonuna yıxılıb. Bunu görən ana 1995-ci il təvəllüdlü Umalatova Rövşanə Rövşən qızı uşağı tutmaq istəyərkən müvazinətini itirərək uşağın arxasınca yıxılıb.
Qeyd edək ki, hər iki şəxsə ilkin tibbi yardım göstərilib, həyatları üçün hər hansı təhlükə yoxdur.
2020-ci il təvəllüdlü körpədə ümumi səthi travmalar və sıyrıqlar aşkarlanıb. Körpəyə dərhal ultrasəs müayinəsi edilib və hər hansı daxili zədələr aşkarlanmayıb. Hazırda vəziyyəti stabildir.
1995-ci il təvəllüdlü anada müəyyən əzik və kiçik travmalar müşahidə olunub. 20 həftəlik hamilə olan qadına ilkin tibbi yardım göstərilib, ultrasəs müayinəsi edilərək, Mərkəzin Doğum-Ginekologiya şöbəsinə köçürülüb. Vəziyyəti kafi qiymətləndirilir.