Bədən tərbiyəsi və idman istiqamətinə aid xüsusi qabiliyyət tələb ixtisaslar üzrə imtahanlar başlayıb

Bu gündən Bədən tərbiyəsi və idman istiqaməti üzrə xüsusi qabiliyyət imtahanları başlayıb. İmtahanların əvvəlcə Bakıda, 22 iyun tarixində İsmayıllıda, 23 iyunda isə Xaçmazda keçirilməsi nəzərdə tutulur.

TIME  rəsmi mənbəyə istinadən bildirir ki, Tovuz və Naxçıvanda keçiriləcək imtahanlar haqqında yaxın günlərdə məlumat veriləcək.

Əvvəlcə, ölkə üzrə məşqçilik komissiyaları (61, 78 və 84-cü komissiyalar), daha sonra isə Fiziki tərbiyə və çağırışaqədərki hazırlıq müəllimliyi komissiyaları (62, 79 və 85-ci komissiyalar) üzrə imtahanlar keçiriləcək. Bir neçə komissiya üzrə qeydiyyatdan keçmiş abituriyentlər üçün onların 61, 62, 78, 79, 84 və 85-ci komissiyaların hər hansı birindən aldıqları müsbət nəticələr digərlərinə də şamil olunacaq.

Qiymətlərin şamil edildiyi komissiyalar üzrə artıq nəticələr bəlli olacağına görə həmin komissiyalar üzrə buraxılış vərəqləri verilməyəcək və abituriyentin yenidən imtahanda iştirak etməsinə ehtiyac olmayacaq. Əgər abituriyent təqvimə görə birinci iştirak etdiyi komissiyadan qeyri-məqbul alarsa, onda qeydiyyatdan keçdiyi növbəti komissiyalar üzrə imtahanlarda iştirak üçün buraxılış vərəqəsini çap edə biləcək.

Abituriyentlərin nəzərinə çatdırırıq ki, imtahana gələrkən mütləq özləri ilə şəxsiyyəti təsdiq edən sənədin əslini və sağlamlıq haqqında arayışı (086U formalı) gətirsinlər. İmtahana gecikən abituriyentlər imtahana buraxılmayacaq.

Leave a Reply