Orqan donorluğu və transplantasiya zamanı meyit donorun qohumlarına münasibətdə resipiyentin, resipiyentə və onun qohumlarına münasibətdə meyit donorun anonimliyinin qorunmamasına görə vəzifəli şəxslər 500 manat, hüquqi şəxslər 1000 manat məbləğində cərimə ediləcək.
TIME bildirir ki, bu məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilib.
İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişikliklərə əsasən, canlı donordan transplantasiya məqsədilə donor orqanların götürülməsi zamanı “İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında” qanunda nəzərdə tutulmuş tələblərə əməl olunmamasına görə vəzifəli şəxslər 2000 manat, hüquqi şəxslər 5000 manat məbləğində cərimə ediləcək.
Dəyişikliklər müzakitələrdən sonra səsverməyə qoyularaq ikinci oxunuşda qəbul edilib.
Bununla yanaşı, Milli Məclisin iclasında Cinayət Məcəlləsinə təklif edilən dəyişikliklərdə qanunla qadağan olunan şəxslərdən transplantasiya məqsədilə donor orqanının götürülməsi 9000 manatdan 15 min manatadək miqdarda cərimə və ya 3 ilədək müddətdə müəyyən vəzifətutma və ya müəyyən fəaliyyətlə məşğulolma hüququndan məhrum edilməklə və ya edilməməklə 4 ilədək müddətdə azadlıqdan məhrumetmə ilə cəzalandırılması nəzərdə tutulur.
Həmin əməllər təkrar törədildikdə, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik tərəfindən törədildikdə zərərçəkmiş şəxsin köməksiz vəziyyətindən istifadəetməklə və ya onun təqsirkar şəxsdən maddi, xidməti və s. cəhətdən asılı olmasından istifadə etməklə törədildikdə 3 ilədək müddətə müəyyən vəzifətutma və ya müəyyən fəaliyyətlə məşöulolma hüququndan məhrum edilməklə və ya edilməməklə 3 ildən 5 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılacaq.
Həmin əməl ehtiyatsızlıqdan şəxsin ölümünə səbəb olduqda 3 ilədək müddətdə müəyyən müəyyən vəzifətutma və ya müəyyən fəaliyyətlə məşğulolma hüququndan məhrum edilməklə və ya edilməməklə 4 ildən 7 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılacaq.
Dəyişikliklər müzakitələrdən sonra səsverməyə qoyularaq ikinci oxunuşda qəbul edilib.