Mərkəzi Bank faiz dəhlizini dəyişməz saxlayıb

Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin qərarı ilə uçot dərəcəsi 7.75%, faiz dəhlizinin aşağı həddi 6.25%, yuxarı həddi isə 9.25% səviyyəsində dəyişməz saxlanıb.

TIME  rəsmi mənbəyə istinadən bildirir ki, əsas ixrac qiymətlərinin artdığı şəraitdə tədiyə balansının cari əməliyyatlar hesabında profisit əhəmiyyətli artmaqdadır. 2022-ci ilin I rübündə cari əməliyyatlar hesabında ÜDM-in 22.5%-i həcmində profisit qeydə alınmışdır. Proqnozlara görə cari ilin sonuna cari hesablar balasında iri həcmli profisit olacağı gözlənilir. Bu, valyuta bazarında tarazlığı və qiymət sabitliyinin əsas lövbərini gücləndirir. Nominal effektiv məzənnənin möhkəmlənməsi idxal inflyasiyasını azaldır. Əvvəlki toplantılarda Mərkəzi Bankın pul siyasətinin sərtləşməsi ilə bağlı qərarlarının da inflyasiyaya məhdudlaşdırıcı təsirləri davam edir. Qiymətləndirmələrə görə artmaqda olan inflyasiya əsasən ticarət tərəfdaşı olan ölkələrdə yüksək qiymət artımlarından təsirlənir. Xarici sektor göstəricilərində pozitiv meyilləri və inflyasiya təzyiqlərinin əsasən idxal mənşəli olduğunu nəzərə alaraq faiz dəhlizinin parametrləri dəyişməz saxlanılmış, cari ilin sonuna pul kütləsinin tənzimləməsi ilə bağlı müvafiq qərarlar qəbul edilmişdir.

Proqnozlara görə inflyasiyanın xarici mühitinin nisbətən əlverişli olacağı şəraitdə onun ilin sonuna faktiki templərdən aşağı olacağı proqnozlaşdırılır. Ortamüddətli dövrdə isə inflyasiyanın hədəf diapazonuna qayıdacağı gözlənilir.

Mərkəzi Bank qlobal və ölkə iqtisadiyyatında, maliyyə bazarlarında baş verən proseslərin davamlı monitorinqini, həmçinin inflyasiyanın struktur və amillər üzrə təhlillərini aparır. Faiz dəhlizinin parametrlərinə dair növbəti qərarlar faktiki inflyasiyanın proqnoza uyğunluğu, xarici və daxili inflyasiya risklərinin reallaşması dərəcəsi nəzərə alınmaqla qəbul ediləcəkdir.

Xarici sektor. Xarici sektor göstəricilərinin yaxşılaşması valyuta bazarının cari və ortamüddətli dövr üzrə tarazlığını dəstəkləyir.

Tədiyə balansının cari əməliyyatlar hesabının profisiti üzrə proqnoz yüksəldilmə istiqamətində təshih edilmişdir. Bu təshih ilin ötən dövründə xarici sektor göstəricilərinin dinamikası, habelə əsas ixrac məhsullarının faktiki və proqnozlaşdırılan qiyməti nəzərə alınmaqla aparılmışdır. Belə ki, I rübdə cari əməliyyatlar balansında ÜDM-in 22.5%-i həcmində profisit qeydə alınmışdır. Brent markalı neftin orta qiyməti 2022-ci ilin ötən dövründə 105 ABŞ dolları təşkil etmişdir. Beynəlxalq təşkilatların proqnozlarına görə ilin sonunadək neftin qiyməti 100 ABŞ dollarını üstələyəcəkdir. Təbii qazın ixracının tədiyə balansına müsbət təsiri də güclənməkdədir. Eyni zamanda qeyri-neft ixracı yüksək artım tempini qoruyur.

Profisitli tədiyə balansı ölkənin strateji valyuta ehtiyatlarının artmasına şərait yaradır. 2022-ci ilin 5 ayında strateji valyuta ehtiyatları 1.9% artaraq 54.2 mlrd. ABŞ dollarına yüksəlmişdir.

Xarici sektor göstəricilərinin yaxşılaşması və bunun gözləntilərə təsiri valyuta bazarında da özünü göstərir. Pul siyasətinə həsr olunmuş son iclasdan bəri Mərkəzi Bankda təşkil olunan valyuta hərraclarında tələbin əhəmiyyətli azalması müşahidə edilir. Belə ki, mayda hərraclara çıxarılan ümumi valyuta təklifi 560 mln. ABŞ dollar, tələb isə 288 mln. ABŞ dolları təşkil etmişdir. May ayında nağd valyuta bazarında banklar tərəfindən xarici valyutanın alışı satışı üstələmişdir.

İqtisadi fəallıq. Ölkədə iqtisadi fəallıq gözləntiləri üstələyir, məşğulluq yüksəlir.

2022-ci ilin yanvar-may aylarında ümumi daxili məhsul real ifadədə 7.2%, o cümlədən qeyri-neft sektoru üzrə 11% artmışdır. Qeyri-neft sektorunun ticari sahələrində daha yüksək artım müşahidə edilir. Bununla belə son aylarda qeyri-ticari sahələrdə də artım tempi yüksəlməkdədir.

İqtisadi artımı həm daxili, həm də xarici tələb dəstəkləyir. 2022-ci ilin yanvar-may aylarında ötən ilin eyni dövrünə nəzərən pərakəndə ticarət dövriyyəsi 3.1%, qeyri-neft investisiyalarının həcmi isə 14.6% artmışdır. Qeyri-neft ixracı isə 5 ayda ötən ilin müvafiq dövrünə nəzərən 30.9% artmışdır.

Mərkəzi Bank tərəfindən aparılan real sektorun monitorinqinin nəticələrinə görə qeyri-neft sənayesi, ticarət və xidmət sektorlarında biznes inam indeksinin yüksəlməsi may ayında da davam etmişdir. Mayda qeyri-neft sənayesi üzrə icraya qəbul edilmiş sifarişlər və istehsal gözləntiləri, ticarətdə faktiki satışlar və xidmətdə faktiki tələb əvvəlki aya nəzərən yüksəlmişdir. Orta və kiçik biznesdə istehsal güclərindən istifadə səviyyəsi yüksəlir.

İnflyasiya prosesləri. Pul siyasətinə həsr olunmuş ötən iclasdan sonrakı dövrdə ölkədə illik inflyasiya tempi bir qədər yüksəlmişdir. Rəsmi statistikaya görə 2022-ci ilin may ayında inflyasiya 0.7% olmuş, ötən ilin eyni ayına nəzərən isə qiymətlərin ümumi səviyyəsi 13.7% artmışdır. Mayda ötən ilin eyni ayına nəzərən ərzaq qiymətləri 20.2% artmış, qeyri-ərzaq məhsulları 7.1%, xidmətlər isə 10.3% bahalaşmışdır. İllik baza inflyasiyası may ayında 10% təşkil etmişdir.

İnflyasiyanın xarici fonu ümumilikdə əlverişsiz olaraq qalır. Dünya birjalarında əmtəələrin bahalaşmasında səngimə müşahidə edilsə də, qiymətlər tarixi maksimumlara yaxın səviyyədə qalır. Dünya Bankının məlumatına görə son 2 ayda (aprel-may ayları) dünya əmtəə qiymətləri enerji məhsulları üzrə 1.4%, qeyri-enerji məhsulları üzrə isə 9.4% azalmışdır. BMT-nin Ərzaq və Kənd Təsərrüfatı təşkilatının məlumatlarına görə dünya ərzaq qiymətləri son 2 ayda 1.5% azalmışdır. Bu azalma əsasən yağların və süd məhsullarının ucuzlaşması hesabına baş vermişdir. Un məmulatları və ətin qiyməti isə artmaqda davam edir. Gərgin geosiyasi vəziyyət qlobal xammal qiymətlərinin, xüsusilə enerji və ərzaq qiymətlərinin uzun müddət yüksək qalacağı gözləntisini gücləndirir.

Ticarət tərəfdaşı olan ölkələrdə inflyasiyanın yüksəlməsi prosesi davam edir ki, bu da Azərbaycanda istehlak qiymətlərinə həm birbaşa, həm də dolayı təsir göstərir. Dolayı təsir istehsalçı qiymətləri vasitəsilə baş verir. Belə ki, apreldə illik əsasda kənd təsərrüfatı istehsalçı qiymətləri 16.3%, qeyri-neft sənaye istehsalçı qiymətləri indeksi isə 20.1% yüksəlmişdir.

Mərkəzi Bank tərəfindən real sektor müəssisələri arasında aparılan monitorinqin nəticələrinə görə may ayında inflyasiya gözləntiləri əvvəlki ayla müqayisədə qeyri-neft sənayesi, ticarət və xidmət sektorlarında yüksəlmiş, tikintidə isə azalmışdır.

Ötən iclasdan bəri inflyasiya proqnozunda əhəmiyyətli dəyişiklik edilməmişdir. Cari ilin sonuna məcmu tələbin genişlənməsi ilə gözləntilər proqnozlaşdırılan inflyasiyaya artırıcı təsir edir. Lakin digər tərəfdən monetar şərait, xüsusən də manatın nominal effektiv məzənnəsinin möhkəmlənməsi proqnozlaşdırılan inflyasiyanı azaldır. Ümumilikdə yenilənmiş proqnozlara görə inflyasiyanın xarici mühitinin nisbətən əlverişli olacağı şəraitdə onun ilin sonuna faktiki templərdən aşağı olacağı gözlənilir. Ortamüddətli perspektivdə inflyasiyanın tədricən hədəf diapazonuna doğru hərəkət edəcəyi proqnozu dəyişməz qalır.

Monetar şərait. Monetar şərait inflyasiyaya azaldıcı təsir göstərməkdə davam edir.

Manatın nominal effektiv məzənnəsinin möhkəmlənməsi həm faktiki, həm də proqnozlaşdırılan inflyasiyanın dekompozisiyasında başlıca azaldıcı monetar amil kimi çıxış edir. 

Profisitli dövlət büdcəsi və Mərkəzi Bank tərəfindən sterilizasiya əməliyyatlarının aktivləşdirilməsi şəraitində manatla pul bazası 2022-ci ilin ötən dövründə 5.5% azalmışdır.

İnflyasiya təzyiqlərinin artdığı şəraitdə izafi likvidliyin əlavə sterlizasiyası məqsədilə məcburi ehtiyat normalarından daha aktiv istifadə edilməsi də nəzərdə tutulur. Mərkəzi Bankın 06 iyun 2022-ci il tarixli qərarı ilə “Məcburi ehtiyatların norması, hesablanması və saxlanması Qaydası”na edilən dəyişikliklərin qüvvəyə minməsi məcburi ehtiyatlara dair çevik qərarların qəbuluna şərait yaradır. Qiymətləndirmələrə görə məcburi ehtiyatların milli valyutada depozitlər üzrə 4%-ə, xarici valyutada depozitlər üzrə isə 5%-ə qaldırılması bank sektoru üzrə öhdəliklərin maya dəyərinə cəmisi 0.044% artırıcı təsir göstərir.

Bank sisteminin likvidlik mövqeyində struktur profisitinin azalması milli valyutada risksiz alətlər bazarındakı faizlərin artımı ilə müşayiət olunur.

Kredit qoyuluşlarının artım tempi yüksəlməkdədir. 2022-ci ilin may ayında banklar və qeyri-bank kredit təşkilatları üzrə kredit qoyuluşları ilin əvvəlinə nəzərən 8.5%, ötən ilin eyni ayına nəzərən isə 23.3% artmışdır. Ev təsərrüfatların verilən kreditlərin artım tempi ümumilikdə kredit qoyuluşlarının artım tempini üstələyir.

Risklər balansı. İnflyasiyanın risk balansı əsasən dünyadakı geosiyasi vəziyyət fonunda yaranan qeyri-müəyyənliklərin təsiri altında formalaşır.

Qlobal iqtisadi bərpanın zəifləməsi riski qlobal staqflyasiya riski ilə əvəzlənmişdir. Bu şəraitdə ticarət tərəfdaşı olan ölkələrdə inflyasiya təzyiqlərinin artması və təchizat zəncirindəki problemlər səbəbindən Azərbaycana inflyasiya idxalının daha da güclənməsi başlıca xarici riskdir. Dünya əmtəə qiymətlərinin yüksəlməsilə yanaşı inkişaf etməkdə olan ölkələrdən inkişaf etmiş ölkələrə kapital axınlarının güclənməsi də tərəfdaşlarda maliyyə bazarlarının vəziyyətinə və qiymət artımlarına təsir edə bilər. Məcmu tələbin gözləniləndən daha sürətlə yüksəlməsi başlıca daxili riskdir. Profisitli tədiyə balansı valyuta bazarında təklifin genişlənməsinə şərait yaratmaqla məzənnənin inflyasiya idxalını məhdudlaşdırmaq potensialını gücləndirir. Eyni zamanda pul siyasəti qərarları qısa və orta müddətli perspektivdə inflyasiyaya azaldıcı təsir edəcəkdir.

Faiz dəhlizinin parametrlərinə dair növbəti qərarlar inflyasiyanın risk balansı və yenilənmiş proqnozlar nəzərə alınmaqla qəbul ediləcəkdir.

Bu qərar 17 iyun 2022-ci ildən qüvvəyə minir. Pul siyasәti qәrarına dair növbəti açıqlama 2022-ci il iyul ayının 29-da veriləcək və bununla bağlı mətbuat konfransı keçiriləcəkdir.

Leave a Reply Cancel reply