Buraxılış imtahanlarının nəticələrindən narazı qalan 1158 şagird Apellyasiya Komissiyasına müraciət edib

16, 17, 23, 24, 30 aprel və 1, 15 may 2022-ci il tarixlərində keçirilmiş ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanlarının nəticələri ilə bağlı yaradılmış Apellyasiya Komissiyasına 1158 şagird ərizə ilə müraciət edib.

TIME  rəsmi mənbəyə istinadən bildirir ki, bu ərizələrdə ümumilikdə 2790 yazı işi (tapşırıq) üzrə qiymətlərin araşdırılması üçün müraciət olunub.

Qeyd edək ki, bu imtahanlarda şagirdlərin ümumilikdə 1722780 tapşırıq üzrə yazı işi yoxlanılıb. Apellyasiya üçün edilən müraciətlər bütün tapşırıqların cəmi 0.16%-ni təşkil edir.

Daxil olan müraciətlər araşdırılmış və şagirdlərin apellyasiya ərizələrindəki istəklərinə uyğun olaraq 339 nəfərlə videogörüntü (“Zoom” proqramından istifadə etməklə) vasitəsilə, 819 (onlardan 30-a yaxın şagird dəfələrlə edilən zənglərə cavab verməyib) nəfərlə telefon vasitəsilə əlaqə saxlanılaraq iş üzrə birlikdə müzakirə aparılıb.

Apellyasiyaya müraciət edənlərdən 150 şagirdin (bütün imtahan verənlərin 0,1%-i) cəmi 181 tapşırıq (bütün tapşırıqların 0,01%-i) üzrə qiymətində dəyişiklik edilmiş, digər iddialarla bağlı isə şagirdlərə yazı işinin yerinə yetirilməsində yol verdikləri səhvlər izah edilib. 16 işdə edilmiş düzəlişlər imtahan verənin tapşırığın həllini (və ya cavabını) başqa tapşırıq üçün ayrılmış yerdə yazması ilə bağlı meydana gələn hallara aiddir.

Şagirdlərin nəzərinə çatdırırıq ki, qeyd olunan dəyişikliklər artıq onların imtahan nəticələri ilə əlaqədar yaradılmış səhifələrində öz əksini tapıb.

Xatırladaq ki, bu imtahanlarda 143565 şagird iştirak edib və onların ümumilikdə 1722780 tapşırıq üzrə yazı işi yoxlanılıb.

Leave a Reply