Tibb işçilərinin peşə bayramıdır

Hər il iyunun 17-si xalqımızın ümummilli lideri Heydər Əliyevin 2001-ci il iyunun 4-də imzaladığı Sərəncama əsasən, ölkəmizdə Tibb İşçilərinin Peşə Bayramı Günü kimi qeyd olunur.

TIME  rəsmi mənbəyə istinadən bildirir ki, həmin gün öz başlanğıcını Azərbaycan Xalq Cümhuriyyətindən götürür. Şərqdə ilk demokratik respublikası olan Milli hökumətin ilk qərarlarından biri 1918-ci il iyun ayının 17-də Səhiyyə Nazirliyinin yaradılması ilə əlaqədar oldu. İlk səhiyyə və sosial təminat naziri vəzifəsinə ixtisasca cərrah olan Xudadat bəy Rəfibəyli təyin edildi. Onun rəhbərliyi müddətində dövlət hesabına pulsuz xəstəxanalar açıldı, yeni tibb ocaqlarının və laboratoriyaların tikintisinə başlanıldı və yoluxucu xəstəliklərə qarşı mübarizə tədbirləri görüldü.

Azərbaycanın səhiyyə işçiləri bütün dövrlərdə tibbi xidmətin səviyyəsini yaxşılaşdırmağa səy göstəriblər. Əziz Əliyev, Zərifə Əliyeva, Mirməmməd Cavadzadə, Tamerlan Əliyev, Böyükkişi Ağayev, Adilə Namazova, İbrahim Topçubaşov kimi tanınmış alimlər Azərbaycan tibb elminə əvəzsiz töhfələr veriblər.

Əsrdən artıq müddətdə Azərbaycan səhiyyəsi çox böyük inkişaf yolu keçib. Son illər Azərbaycan səhiyyəsinin idarə olunması, tibb müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi, yeni tibbi texnologiyaların tətbiqi, köklü kadr islahatları və aparılan digər tədbirlər respublikamızda bu sahənin dünyanın qabaqcıl ölkələrinin səviyyəsinə çıxarmağa imkan yaradıb.

Ölkəmizdə 700-dən artıq yeni tikilmiş və ya əsaslı təmirdən çıxmış tibb müəssisəsi müasir avadanlıqlarla təmin olunub. Aparılan islahatlar, maddi-texniki bazanın təkmilləşdirilməsi, təchizat və kadr hazırlığı ilə bağlı görülən işlər əhalinin dövlət tibb müəssisələrinə olan inamını getdikcə artırır.

Heydər Əliyev Fondunun diabetli, talassemiyalı xəstələrə göstərdiyi qayğı və onların müalicəsinin təşkilində, qanvermə aksiyalarının keçirilməsində, ana və uşaqların sağlamlığının qorunmasının yaxşılaşdırılmasında gördüyü işlər də böyük razılıq və rəğbət doğurur.

Yeni növ koronavirus (COVID-19) pandemiyası və 44 günlük Vətən müharibəsi dövründə ölkəmizin tibb işçiləri öz vəzifə borclarını ləyaqətlə yerinə yetirərək həm ümumbəşəri təhlükə ilə mübarizədə, həm də döyüş cəbhəsində yaralanan əsgərlərin sağaldılaraq həyata qaytarılmasında böyük fədakarlıq nümunəsi göstəriblər. Onların birgə səyi ilə son vaxtlar infeksiyaya yoluxanların sayı əhəmiyyətli dərəcədə azalıb.

Hippokrat andı içən şərəfli peşə sahibləri, fədakar tibb işçiləri ən ağır və çıxılmaz vəziyyətlərdə də ümid işığı yandırmaq, şəfasıza şəfa, çarəsizə çarə vermək üçün hər cür zəhmətə qatlaşırlar. Elə bu nəcib peşələrinə görə tibb işçiləri hər cür hörmət və ehtirama layiqdirlər.

Leave a Reply