BMT-nin Əhali Fondu: “Yaşlı insanlar Avropada ən sürətlə artan yaş qrupudur”


BMT-nin Əhali Fondunun (UNFPA) Şərqi Avropa və Mərkəzi Asiya regionu üzrə ofisinin rəhbəri v.i.e. Culiya Vallezenin məqaləsində yaşlı insanların Avropada ən sürətlə artan yaş qrupu oluğunu, və bunu fürsətə çevirməyin vaxtı olduğunu qeyd edib.

TIME  məqaləyə istinadən bildirir ki, cəmi bir neçə onillik əvvəl yaşlı insanlar əhalinin strukturunda azlıq təşkil edirdi, lakin gözlənilən ömür uzunluğunun artması və aşağı nəsilvermə əmsalı yaşlı əhali qrupunun çəkisinin gözəçarpan dərəcədə artmasına səbəb oldu. Bu gün hər beş avropalıdan biri 65 və daha yuxarı yaşdadır. 2050-ci ilə qədər isə bu göstəricinin 30%-ə yaxınlaşacağı gözlənilir.

Avropada əhali arasında müşahidə olunan sürətli yaşlanma, demək olar ki, cəmiyyətin bütün sahələrinə təsir göstərən xüsusi demoqrafik dəyişiklikdir. Bu da öz növbəsində bir çoxlarını narahat edən suallar doğurur. Əmək qabiliyyətli insanlardan ibarət daha kiçik əhali qruplarının yaşlılardan ibarət daha böyük qrupları dəstəkləməsinin zəruriliyi fonunda sosial sistemlər ayaqda qala biləcəkmi? Sürətlə yaşlanan cəmiyyətin tələbatını ödəmək üçün infrastruktur hazırdırmı?

Avropa əhalisinin strukturunda yaşlı seçicilərin çəkisinin artması demokratiyanın gələcəyi, iqlim dəyişmələri ilə bağlı siyasi qərarlar və gələcək nəsillərin üzləşdiyi digər təxirəsalınmaz çağırışlarla bağlı hansı nəticələrə gətirib çıxara bilər?

Cəmiyyətlərin yaşlanmasına hələ də əsasən mənfi prizmadan baxılır: bunun dövlətin rifahı üçün təhlükə, gənclər üçün əlavə yük olması barədə fikirlər səsləndirilir. Bununla belə, aparıcı demoqraf Stüart Qitel-Bastenin bu yaxınlarda BMT rəhbərlərindən ibarət qrup qarşısında bəyan etdiyi kimi, əhalinin yaşlanmasının mahiyyətində heç bir mənfi məsələ dayanmır. Yaşlanma yalnız o vaxt problemə çevrilir ki, müvafiq təsisatlar buna hazır olmasın və uyğunlaşa bilməsin.

Əslində insanların daha çox yaşaması və ümumiyyətlə sağlam ömür sürməsi faktı müsbət qarşılanmalıdır. Bu, səhiyyədəki irəliləyişin, daha yaxşı güzəranın və iş şəraitinin, artan rifahın nəticəsidir.

Bundan əlavə, məhz bu irəliləyişlər sayəsində bu gün yaşlı olmaq əvvəlki dövrlərdə yaşlı olmaqdan fərqlənir. 80 il səviyyəsinə yaxınlaşan və ya hətta həmin həddi keçən orta ömür uzunluğunu nəzərə alaraq, yaşlanmağın özü qarşıda hələ bir çox illər ərzində yaxşı həyat sürmək deməkdir. Yaxşı sağlıq durumu və təhsili ilə seçilən yaşlı insanların olması o deməkdir ki, onlar hələ uzun illər ərzində davamlı olaraq iş yerlərində, ailədə və icmada, o cümlədən ictimai həyatda fəal iştirak edə bilər.

Ənənəvi olaraq “yaşlı” adlandırdığımız yaş qrupu heç zaman hazırda olduğu qədər müxtəlif olmayıb. Bu səbəbdən, “yaşlı” məfhumunun müəyyən edilməsi və ölçülməsi üzərində yenidən düşünməyə zərurət yaranıb. Və aydındır ki, yaşlı insanların yaşadığı hazırkı yeni, daha fərqli və dinamik dünyada artıq yaş kateqoriyaları və ya pensiya yaşı, yaxud da yaşlanmaya əsaslanan stereotiplər və ayrı-seçkilik haqqında danışmağın yeri qalmayıb.

Əhalinin yaşlanması ən azı hələ yaxın gələcəkdə də davam edəcək bir prosesdir və Avropa hökumətləri yaşlı insanları əhatə edən inklüziv cəmiyyətlərin formalaşdırılması məqsədilə zəruri islahatların vacibliyini etiraf edirlər. Bununla belə, 20 il əvvəl qəbul olunmuş “Yaşlanmaya dair Madrid Beynəlxalq Tədbirlər Planı”nın icrası çərçivəsində qazanılmış nailiyyətləri nəzərdən keçirmək üçün bu həftə Romada baş tutan hökumətlərarası toplantı ilə yanaşı, etiraf etmək lazımdır ki, əldə olunmuş böyük irəliləyişə baxmayaraq, bütün yaşlar üçün cəmiyyətlərin qurulması məqsədinə nail olmaq üçün görüləcək hələ çox iş var.

COVİD-19 pandemiyası yaşlı nəslin hələ də üz-üzə qaldığı bərabərsizlikləri bütün çılpaqlığı ilə ortaya çıxardı. Hazırda bir çox yaşlı insan laqeydlik, yoxsulluq və sosial təcridlə qarşı-qarşıyadır. BMT-nin Əhali Fondunun bu yaxınlarda Şərqi Avropa üzrə apardığı sorğunun nəticələri göstərdi ki, hər on yaşlı şəxsdən səkkizi, yaxud rəyi soruşulanların 79%-i özünü qismən və ya tamamilə tənha hiss edir. Eyni dərəcədə narahatlıq doğuran başqa bir məsələ isə ictimai fikirdə yaşlılara münasibətdə stereotipik əhval-ruhiyyənin mövcud olmasıdır – belə ki, ictimai rəy yaşlı nəsli daha az dəyəri olan, əlavə yükə çevrilmiş, hətta məsrəfli insanlar kimi xarakterizə edir. BMT-nin son hesabatında qeyd olunur ki, yaşlanma mövzusu ətrafında hökm sürən stereotipik münasibət və yanaşmalar sayəsində Avropada milyonlarla yaşlı insan öz potensialını ortaya qoymaq imkanından məhrum olur. Ukraynadakı müharibə də göstərdi ki, humanitar böhranlar yaşlı insanlara, xüsusilə də yaşlı qadınlara nə dərəcədə ağır zərbə vurur.

Yaşlıların təcrid olunması təkcə insan faciəsi deyil, həm də insan hüquqları böhranından və mənəvi uğursuzluqdan xəbər verir. Bu, həmçinin ölkələrə iqtisadi və sosial sahədə mənfi təsir göstərir. Sürətlə yaşlanan Avropada əhalinin öz bacarığı, istedadı və digər üstünlükləri ilə seçilən dörddə bir hissəsinin sosial təcridə məruz qalması heç bir vəchlə qəbul oluna bilməz.

Ölkələrin üzləşdiyi demoqrafik dəyişiklik qarşısında özlərinin rifahının gücləndirməsi üçün yaşlı insanların sağlam və fəal olmasını, eləcə də iştirakçılığını təmin etməsi müstəsna əhəmiyyətə malikdir.

BMT-nin Əhali Fondu demoqrafik dəyişikliklərin idarə olunmasında ölkələrə dəstək göstərir. Fond yaşlanan əhalinin cəmiyyətlərə verə biləcəyi faydaları əldə etməyə şərait yaradan siyasət və proqramların hazırlanması və tətbiqində hökumətlərə yardım edir.

İnsanların bütün həyatları boyu təhsil və səhiyyə xidmətlərinə çıxışının təmin edilməsi və onların həyatlarının yaşlı dövrünə faydalı bacarıqlar və qənaətbəxş sağlıq durumu ilə qədəm qoymaları cəmiyyətlər üçün olduqca böyük imkanlar vəd edir. Pensiya yaşına çatmış insanlar kənara sıxışdırılmamalıdırlar, əksinə onlar iqtisadiyyatın və cəmiyyətin fəal iştirakçıları kimi qalmalıdırlar. Yaşlı insanlar onların tələbatları və seçimləri ətrafında formalaşan “gümüşü iqtisadiyyatın” inkişafında aparıcı qüvvə olmalıdırlar.

Bunun baş verməsi üçün hökumətlər tərəfindən növbəti üç addımın atılması vacibdir:

⦁ Yaşlı insanların səsi dinlənilməlidir. COVİD-19 böhranı ilə bağlı cavab tədbirlərinin və gələcək üçün siyasətlərin formalaşdırıldığı şəraitdə yaşlı insanların səsi nəzərə alınmalıdır. Mövcud ehtiyaclara cavab verən həll variantlarının tapılması və qərəzli mövqelərin aradan qaldırılması üçün icma nümayəndələri ilə əlaqələrin qurulması vacibdir.
⦁ İctimai fikirdə yaşlanma mövzusu ətrafında hökm sürən stereotipik münasibət və yanaşmalara qarşı mübarizə aparılmalıdır. Pandemiya dövründə xüsusilə qabarıq şəkildə cərəyan edən yaşlanma ilə əlaqəli ayrı-seçkiliyə və mənfi stereotiplərə dözümlülük nümayiş olunmamalıdır. Məhz nəsillərarası həmrəyliyə və yaşlı insanların verdiyi dəyərli töhfələrə əsaslanan fikir və yanaşmaların təşviqi mövcud sosial normaların transformasiyasında əsas rola malik olacaq.
⦁ Qanunverici və siyasi çərçivələrə, o cümlədən büdcəyə yaş prizmasından yenidən baxılmalıdır. Yaşlanmaqda olan əhalinin hüquq və seçimlərinin təmin edilməsi ilə yanaşı, demoqrafik dəyişikliyin təsirlərinin aradan qaldırılmasında ölkələrin daha geniş imkanlara malik olması üçün səhiyyə, təhsil, məşğulluq və sosial rifah kimi sahələrdə hansı dəyişikliklərin edilməsi üzərində düşünməyin zamanı artıq yetişib.
Yaşlı insanlar istənilən cəmiyyətin mühüm təbəqəsini təşkil edir. Onların arasında rəhbərlər, yaradıcı insanlar, müəllimlər, qayğı göstərənlər və könüllülər, mədəniyyət daşıyıcıları və hüquq müdafiəçiləri var. Bu cür töhfələr verə bilən insanların hüquqları və ləyaqətinə hər zaman hörmətlə yanaşmaq yalnız mənəvi məsələ deyil, həm də ölkələrin sürətli demoqrafik dəyişikliyə məruz qalan dünyada dayanıqlı gələcək qura bilmələri üçün başlıca şərtlərdən biridir.

Leave a Reply Cancel reply