Yaş barama tədarükü 186 tonu ötüb

Respublikada yaş barama tədarükü davam edir. İyunun 11-dək kümçülər tərəfindən tədarük məntəqələrinə 186 ton 474 kiloqram yaş barama təhvil verilib.

TIME   rəsmi mənbəyə istinadən bildirir ki, ən çox barama tədarükü Zərdab rayonunda aparılıb. Zərdab kümçüləri tədarük məntəqələrinə 50 ton 948 kiloqram yaş barama təhvil veriblər. Məhsul tədarükünə görə, Ağcabədi (21 ton 143 kq), Balakən (19 ton 117 kq), Bərdə (11 ton 876 kq), Füzuli (9 ton 994 kq), Kürdəmir (7 ton 775 kq), Sabirabad (5 ton 206 kiloqram) və Tərtər (5 ton 41 kiloqram) rayonları öndə gedir.

Gün ərzində ümumilikdə respublika üzrə tədarük məntəqələrinə 29 ton 432 kiloqram yaş barama təhvil verilib.

Yaş barama istehsalı dövlət tərəfindən subsidiyalaşdırılır. Bu ildən yaş bərama tədarükünə görə dövlət tərəfindən verilən subsidiyanın məbləği və məhsulun alış qiyməti artırılıb. Kümçülər yaş baramanı kiloqramı 5 manatdan “Azərİpək” MMC-yə təhvil verirlər. Dövlət əlavə olaraq hər kiloqram yaş barama istehsalına görə fermerlərə 6 manat subsidiya ödəyir. Ümumilikdə fermer təhvil verdiyi hər kiloqram yaş baramanın əvəzində 11 manat alır.

Bu il dövlət tərəfindən kümçülərə əvəzsiz olaraq 11130 qutu ipəkqurdu toxumu paylanıb. Cari ildə Azərbaycanın 40 rayonunda yaş barama tədarükü aparılır.

Leave a Reply