Mədəniyyət Nazirliyi “Kommunikasiya meneceri” layihəsini təqdim edib

Azərbaycan Respublikası Prezidentinin müvafiq tapşırıq və tövsiyələrinə uyğun olaraq Mədəniyyət Nazirliyi sistemində həyata keçirilən islahatların tərkib hissəsi kimi “Kommunikasiya meneceri” layihəsi təqdim olunub.

TIME   rəsmi mənbəyə istinadən bildirir ki, layihə Mədəniyyət Nazirliyinin strateji kommunikasiya siyasətinin nazirliyin struktur qurumları, tabe müəssisə və təşkilatlarında effektiv şəkildə həyata keçirilməsi, o cümlədən ictimaiyyətlə, media subyektləri və nümayəndələri ilə münasibətlərin möhkəmləndirilməsi, əlaqələrin genişləndirilməsi, sosial media fəaliyyətinin təkmilləşdirilməsi məqsədi daşıyır.

Layihə eyni zamanda Azərbaycan xalqının zəngin mədəniyyəti, mədəniyyət sahəsində nazirliyin, aidiyyəti müəssisə və təşkilatların fəaliyyəti, aparılan islahatlar, əlamətdar hadisə, yenilik və uğurlar barədə ölkə ictimaiyyətinin, ənənəvi mətbu imkanlarla yanaşı, müasir üsul və vasitələrlə, operativ formada məlumatlandırılması,  media subyektləri ilə, ictimaiyyətlə əlaqələrin səmərəli şəkildə qurulması və nəticə etibarilə dövlət-cəmiyyət münasibətlərinin, dövlət qurumuna vətəndaş etimadının yüksəldilməsinə xidmət edir.

İlkin olaraq nazirliyin regional mədəniyyət idarələrini əhatə edən layihə çərçivəsində  idarədə çalışan əməkdaşlardan hər bir idarə üzrə bir nəfər PR, media və kommunikasiya fəaliyyətinə məsul şəxs – kommunikasiya meneceri kimi təyin olunub. Növbəti mərhələdə peşəkarlığın artırılması məqsədilə kommunikasiya menecerlərinin təlimlərə cəlb olunması planlaşdırılır.

Təlimlərin müasir təhsil standartlarını əsas tutaraq qabaqcıl dünya təcrübəsini tətbiq edən, innovativ və qlobal dünyagörüşünə malik kadrlar hazırlayan, dövlət ali təhsil müəssisəsi olan ADA Universiteti tərəfindən həyata keçirilməsi nəzərdə tutulur.

Proses tam yekunlaşdıqdan sonra hər bir regional idarə üzrə kommunikasiya meneceri barədə ictimaiyyətə məlumat veriləcək.

Qeyd edək ki, kommunikasiya meneceri media subyektləri ilə, ictimaiyyətlə əlaqələr üzrə məsul nümayəndə olaraq çalışdığı qurumun tədbir və layihələrinin mediada işıqlandırılmasını, qurumun fəaliyyəti barədə ictimaiyyətin məlumatlandırılmasını və bundan irəli gələn digər vəzifələrin yerinə yetirilməsini, eləcə də qurumun sosial media fəaliyyətinin təşkilini təmin edəcək.

Leave a ReplyCancel reply