İnnovasiyalar yüksək keyfiyyətli və rəqabətədavamlı məhsulların istehsalına necə təsir gösrərir?

İnnovasiyalı müəssisələrin formalaşması xüsusiyyətləri tədqiq olunur.

TIME  rəsmi mənbəyə istinadən bildirir ki, AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunun əməkdaşı Nuranə Xosuzadə “İnnovasiyalı müəssisələrin formalaşması xüsusiyyətləri və inkişafı problemləri” mövzusunda məruzə təqdim edib.

N. Xosuzadə məruzəsində innovasiyaya və biliklərə əsaslanan iqtisadiyyatın qurulmasında beynəlxalq və yerli bazarlara yüksək keyfiyyətli və rəqabətədavamlı informasiya texnologiyaları məhsullarının çıxarılması, startapların, yüksək texnologiya parklarının, elmi-texnoloji və innovativ elm-sənaye texnoparklarının yaradılmasının mühüm rol oynadığını bildirib.

Texnoparkların əsas fəaliyyət istiqamətlərindən bəhs edən məruzəçi onun innovasiya sahibkarlığının inkişafı, ən yaxşı elmi-texniki nailiyyətlərin mənimsənilməsi, əhalinin yüksək həyat səviyyəsinin təminatı, xarici ölkələrdə elmi əlaqələrin genişləndirilməsi, elm, təhsil, mədəniyyət, ticarət sahələrində elmi-texnopark strukturları ilə əməkdaşlıq, yüksəkixtisaslı kadrların hazırlanması üzrə tədbirlərin görülməsi kimi istiqamətlərini qeyd edib.

Texnoparkların innovativ, elm və biznes şəbəkəsinin yaradılması, innovativ fəaliyyət üçün şəraitin hazırlanması, biliyin toplanması və innovativ yönümlü layihələrdə, müasir İT şəbəkələrinin tətbiqi və s. kimi fəaliyyət xüsusiyyətləri olduğunu diqqətə çatdıran N.Xosuzadə texnoparkların yaradılmasının əsas məqsədlərini də diqqətə çatdırıb.

Onun sözlərinə görə, sənaye-texnoloji parkları yeni məhsul və texnologiya istehsalı üçün istehsal sahələrini, binaları, qurğu və avadanlıqları müvəqqəti istifadəyə verməklə kommersiya fəaliyyətləri ilə məşğul olurlar. Məruzəçi sənaye parkları ilə yanaşı müəyyən coğrafi ərazidə olmaqla, bir-birindən asılı sahələrin inkişafına kömək edən və qarşılıqlı əlaqədə olan müəssisələrin birgə fəaliyyəti nəticəsində formalaşan arealların yaradıldığını da bildirib.

N.Xosuzadə əlavə edib ki, texnopolislərin məqsədi mümkün texniki-texnoloji mərkəzləri vahid yüksək texnoloji infrastruktur mühitində birləşdirmək və daha yüksək innovativ nəticələrin alınmasına nail olmaqdır.

“Rəqəmsallaşma rəqəmsal texnologiyalar, veb-proqramlar, müəssisə resurslarının planlaşdırılması, robototexnika və süni intellektdən istifadə etməklə müəssisələr üçün yeni məhsuldarlıq artımı imkanları təqdim edir”,  – deyə bildirən məruzəçi texnopark  strukturlarının səmərəli fəaliyyəti üçün yerinə yetirilməli olan tələblər barədə də ətraflı məlumat verib.

İnnovasiya texnoparklarının formalaşdırılması problemlərini kompleks şəkildə təhlil etmək və onun IV Sənaye inqilabının tələblərinin tətbiqi ilə idarə olunmasının zəruriliyinə toxunan N.Xosuzadə blokçeyn texnologiyalarının inkişafı və yeni şəbəkə kriptovalyutalarının meydana gəlməsinin beynəlxalq pul-maliyyə münasibətlərində bir çox sosial-iqtisadi dəyişmələrə səbəb olacağını vurğulayıb. 

Məruzəçinin sözlərinə görə, texnoparkların səmərəli fəaliyyəti üçün müvafiq idarəetmə sistemi, təşkilati-iqtisadi struktur yaradılmalı, innovativ elm-sənaye texnoparklarının perspektiv inkişaf istiqamətləri beynəlxalq səviyyəyə uyğun şəkildə müəyyənləşdirilməli, onun fəaliyyət modeli və effektiv informasiya təminatı sistemi işlənilməlidir.

N.Xosuzadə çıxışının sonunda texnoparkların fəaliyyətinin səmərəli idarə edilməsində İKT nailiyyətlərindən istifadənin əhəmiyyyətindən bəhs edib. Qeyd edib ki, rəqəmsal iqtisadiyyatda və innovativ elm-sənaye texnoparklarının səmərəli fəaliyyətində IV Sənaye inqilabının tələblərinin nəzərə alınması və onun müvafiq texnologiyalarının tətbiqi iqtisadi inkişafın yüksəlməsinə geniş imkanlar yaradacaq və effektivlik səviyyəsini artıracaq.

Leave a Reply Cancel reply