İkili diplom proqramına sənəd qəbuluna başlanılır

İyunun 6-da 2022-2023-cü tədris ili üçün Bakı Mühəndislik Universiteti və Koreyanın nüfuzlu ali təhsil müəssisəsi olan İNHA Universiteti arasında bakalavriat səviyyəsi üzrə həyata keçirilən beynəlxalq ikili diplom proqramına (BMU-İNHA İDP) dair onlayn qeydiyyat prosesinə start verilir. 

TIME   rəsmi mənbəyə istinadən bildirir ki, qeydiyyat prosesi üçün son tarix 10 avqust 2022-ci il saat 23:55 müəyyən edilib. Sənədlər göstərilən tarixədək onlayn anket formasında təqdim edilməlidir.

İngilis dilində 4 il müddətində həyata keçiriləcək bakalavriat proqramına informasiya texnologiyaları, inşaat mühəndisliyi, elektrik mühəndisliyi və elektronika mühəndisliyi ixtisasları üzrə hər biri 32 nəfər olmaqla 128 nəfərin qəbulu nəzərdə tutulur.

Beynəlxalq ikili diplom proqramına qəbul Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən qəbul imtahanlarının (bakalavriat səviyyəsi üzrə) nəticələri və İNHA Universiteti tərəfindən keçirilən daxili müsabiqə əsasında aparılacaq. BMU-İNHA İDP-də Azərbaycan Respublikasının vətəndaşı olan və 2022-ci ildə DİM imtahanlarında iştirak etmiş və uğurla keçən 1-ci ixtisas qrupunun abituriyentləri və BMU-İNHA İDP-nin hər ixtisas üzrə müəyyən edilmiş müvafiq keçid balını toplamış namizədlər iştirak edə bilər.

Təhsilalanların təhsil haqqı, qeydiyyat xərci, tədris materialları və elektron informasiya resurslarına çıxış xərcləri, habelə Koreya Respublikasında 1 illik təhsil və 3 həftəlik yay məktəbində iştirak xərcləri də “2019-2023 Dövlət Proqramı” tərəfindən qarşılanır.

 Proqramla bağlı ətraflı məlumatı elandan əldə edə bilərsiniz.

Leave a Reply