Yanvar-aprel ayları ərzində Azərbaycanın ixracı 11,8 mlrd. dollar təşkil edib

“İxrac icmalı”nın may sayına əsasən, 2022-ci ilin yanvar-aprel ayları ərzində Azərbaycanın ixracı 11,8 mlrd. dollar, qeyri-neft sektoru üzrə 965,5 mln. dollar təşkil edib. Qeyri-neft sektoru üzrə ixrac 2021-ci il ilə müqayisədə 268,6 mln. dollar və ya 38,5% artıb.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, 2022-ci ilin yanvar-aprel ayları ərzində meyvə-tərəvəz məhsulları ötən ilin eyni dövrü ilə müqayisədə 23,6% artaraq 162,6 milyon dollar təşkil edib. Müvafiq dövr ərzində kimya sənayesi məhsullarının ixracı 9,9 dəfə, alüminium və ondan hazırlanan məmulatların ixracı 90,6%, qara metallar və onlardan hazırlanan məmulatların ixracı 53,3%, pambıq iplik ixracı 19,8%, pambıq lifi ixracı isə 6,8% artıb.

2022-ci ilin yanvar-aprel ayları ərzində ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında pambıq mahlıcı (102,5 milyon dollar) birinci olub. Bu siyahıda karbamid (68,2 milyon dollar) ikinci, tomat (pomidor) (58,2 milyon dollar) isə üçüncü yerdə qərarlaşıb.

2022-ci ilin yanvar-aprel ayları ərzində Türkiyəyə 333,7 milyon dollar, Rusiya Federasiyasına 191,7 milyon dollar, Gürcüstana 61 milyon dollar, İsveçrə Konfederasiyasına 51 milyon dollar və ABŞ-a isə 39,4 milyon dollar dəyərində qeyri-neft sektoruna aid mal ixrac olunub.

2022-ci ilin aprel ayı üzrə ixrac 3,8 mlrd dollar təşkil edib. Qeyri-neft sektoru üzrə ixracda artım 22% təşkil etməklə 238,3 mln. dollar olub. 2022-ci ilin aprel ayı ərzində yeyinti məhsulları üzrə ixrac ötən ilin müvafiq ayı ilə müqayisədə 6,2% artaraq 51,4 milyon dollar, qeyri-yeyinti məhsulları üzrə isə 27,2% artaraq 186,9 milyon dollar təşkil edib.

2022-ci ilin aprel ayında qeyri-neft sektoruna aid ən çox mal ixrac edilən ölkələrin siyahısında Türkiyə (78,5 milyon dollar) birinciliyə yüksəlib. Bu siyahıda Rusiya Federasiyası ikinci (42,3 milyon dollar) və İsveçrə üçüncü (17,7 milyon dollar) olub.

2022-ci ilin aprel ayında ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında pambıq mahlıcı (30,3 milyon dollar) birinci, tomat (pomidor) (19,4 milyon dollar) ikinci və qızıl (16,9 milyon dollar) üçüncü olub.

“İxrac İcmalı” tərəfindən qeyri-neft sektoru üzrə 2022-ci ilin yanvar-aprel aylarında həyata keçirilən ixracla bağlı həm qeyri-dövlət, həm də dövlətə məxsus ixracatçı subyektlərin reytinqi tərtib edilib.

2022-ci ilin yanvar-aprel ayları üzrə hazırlanan qeyri-dövlət ixracatçı subyektlərin reytinqində ilk onluqda aşağıdakı şirkətlər təmsil olunurlar: “MKT İstehsalat Kommersiya” MMC, “Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited Şirkəti”nin Azərbaycan Respublikasındakı Nümayəndəliyi, “P-Aqro” MMC, “Aqrovest” MMC, “STP Alüminium” MMC, “Mors Trading” MMC, “ZR-78 Company” MMC, “Azərbaycan Şəkər İstehsalat Birliyi” MMC, “Çinar Aqro” MMC, “Product Service” MMC.

Qeyri-neft sektoru üzrə ixrac əməliyyatlarında iştirak edən dövlətə məxsus olan şirkətlərin siyahısına isə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi” başçılıq edir. Daha sonra bu siyahıda aşağıdakı şirkətlər təmsil olunurlar: “Socar Polymer” MMC, “Azərenerji” ATSC, Azərpambıq Aqrar Sənaye Kompleksi” MMC, “AzerGold” QSC,  “Azəripək” MMC, “Azərbaycan Hava Yolları” QSC, Naxçıvan MR Dövlət Energetika Xidməti, “Azərbaycan Dəmir Yolları” QSC.

2022-ci ilin yanvar-aprel aylarında “Azərkosmos” ASC tərəfindən dünyanın 32 ölkəsinə 8,5 milyon dollar dəyərində xidmət (peyk telekommunikasiya xidmətləri və optik peyk xidmətləri) ixrac edilib. “Azərkosmos” ASC-nin xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 86 faizini təşkil edib. 2022-ci ilin aprel ayında isə “Azərkosmos” ASC dünyanın  31 ölkəsinə 2,3 milyon dollar dəyərində xidmət ixrac edib.

2022-ci ilin yanvar-aprel ayları ərzində peyk telekommunikasiya və optik peyk xidmətlərinin ixracının ilk beşliyində isə 2,2 milyon dollar ilə Birləşmiş Krallıq, 1,7 milyon dollar ilə Fransa, 1,5 milyon dollar ilə Lüksemburq, 0,9 milyon dollar ilə BƏƏ və 0,5 milyon dollar ilə Pakistan qərarlaşıb.

2022-ci ilin aprel ayında xarici vətəndaşların bank kartları vasitəsi ilə ölkəmizdə apardıqları əməliyyatların həcmi 136,6 milyon manat təşkil edib. 2022-ci ilin yanvar-aprel aylarında isə əcnəbilər bank kartları vasitəsi ilə 686,3 milyon manatlıq əməliyyat aparıblar.

2022-ci ilin yanvar-aprel aylarında Azexport.az portalına 162,7 milyon dollar dəyərində ixrac sifarişləri daxil olub. 2022-ci ilin aprel ayında Azexport.az portalına daxil olan ixrac sifarişlərinin dəyəri isə 30,1 milyon dollar təşkil edib. 2022-ci ilin aprel ayında Azexport.az portalına edilən ixrac sifarişlərinin tərkibində pambıq yağı, trufel göbələyi, pambıq çiyidi, duz, konservləşdirilmiş heyvan əti, buğda unu, qarğıdalı, fındıq, nar konsentratı, tibbi tənzif, kartof və s. məhsullar üstünlük təşkil edib.  Məlumat üçün qeyd edək ki, 2017-ci ilin yanvar ayından 2022-ci ilin 30 aprel tarixinə kimi (64 ay ərzində) Azexport.az portalına dünyanın 145 ölkəsindən  daxil olan ixrac sifarişlərinin dəyəri 2,96 milyard dollar təşkil edib.

Həmçinin, “İxrac İcmalı”nda göstərilib ki, 2022-ci ilin aprel ayında “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi vasitəsi ilə həyata keçirilən qeyri-neft ixracının dəyəri 27,4 milyon dollar olub.

Leave a Reply