Sara Qədimovanın 100-cü ildönümü tamam oldu

Mayın 31-də görkəmli xanəndə, Xalq artisti Sara Qədimovanın (1922-2005) anadan olmasının 100-cü ildönümü tamam oldu.

TIME  rəsmi mənbəyə istinadən bildirir ki, bu münasibətlə I Fəxri xiyabanda muğam ustasının xatirəsi yad olundu, məzarı üzərinə gül dəstələri qoyuldu.

Mərasimdə Mədəniyyət Nazirliyi İncəsənət və qeyri-maddi mədəni irs şöbəsinin müdiri Fərəh Acalova, mədəniyyət və incəsənət xadimləri, sənətkarın yaxınları iştirak edirdilər.

Şöbə müdiri Fərəh Acalova çıxış edərək bildirdi ki, Sara Qədimova istedadı ilə xalqımızın məhəbbətini qazanan böyük sənətkarlarımızdandır. Onun xanəndə kimi yetişməsində Hüseynqulu Sarabski, Seyid Şuşinski, Xan Şuşinski kimi ustadların mühüm rolu olub. Sara xanım ömrünün 60 ildən çox dövrünü musiqi sənətinə həsr edib. Xanəndənin ifa etdiyi muğamlar, mahnılar milli musiqi xəzinəmizə qızıl hərflərlə yazılıb.

F.Acalova dedi ki, 2022-ci il mədəniyyətimiz üçün əlamətdar yubileylərlə zəngin ildir: “Bu il milli mədəniyyətimizin inkişafında müstəsna xidmətləri olmuş bir sıra sənətkarların 100 illiyi qeyd olunur. Onların qoyduğu mirası yaşatmaq, gələcək nəsillərə ötürmək bizim başlıca vəzifəmizdir”.

Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının bədii rəhbəri və dirijoru, Xalq artisti Ağaverdi Paşayev bildirdi ki, Sara Qədimova gənc yaşlarında solist kimi həmin ansamblda çıxış edib: “Sara xanımın gözəl vokal səsi olub. Məlum olduğu kimi, bizim yeddi əsas və bir neçə əlavə muğamımız var. Sara xanım yeganə qadın xanəndədir ki, bu muğamların hamısını oxuyub və lentə yazdırıb”.

Sonda sənətkarın oğlu, tanınmış müğənni Akif İslamzadə çıxış edərək Qədimovanın xatirəsinə göstərilən yüksək ehtirama görə mərasim iştirakçılarına təşəkkürünü bildirdi.

Xatırladaq ki, Sara Bəbiş qızı Qədimova 31 may 1922-ci ildə Bakı şəhərində dünyaya göz açıb. Uşaqlıq illəri Qarabağda, Ağdam rayonunun Gülablı kəndində keçib. Kəndin sazlı-sözlü mühiti, habelə dövrün görkəmli sənətkarlarından Cabbar Qaryağdıoğlu, Seyid Şuşinski və Xan Şuşinskinin tez-tez Gülablı kəndinə təşrif buyurmaları, musiqi məclisləri qurmaları Sara xanımda erkən çağlardan musiqiyə böyük həvəs yaradıb. O, 22 ölkədə Azərbaycan incəsənətini uğurla təmsil edib. İran, İndoneziya, Efiopiya və Özbəkistanın dövlət mükafatlarına layiq görülüb. Xanəndə 1954-cü ildə “Əməkdar artist”, 1965-ci ildə “Xalq artisti” fəxri adlarına layiq görülüb. 1997-ci ildə “Şöhrət” ordeni ilə təltif olunub. 12 may 2005-ci ildə vəfat edib.

Leave a ReplyCancel reply