Heydər Əliyev Mərkəzinin parkında “Uşaq festivalı” keçiriləcək

1 İyun- Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə sabah Heydər Əliyev Mərkəzinin parkında “Uşaq festivalı” keçiriləcək.

TIME  rəsmi mənbəyə istinadən bildirir ki, tədbir saat 15:00-dan 18:00-dək davam edəcək. Əraziyə giriş sərbəst olacaq. Festivalda uşaq evlərinin sakinləri və internat məktəblərinin şagirdləri də iştirak edəcək.

Festivalda müxtəlif əyləncə və maarifləndirici proqramlar təqdim olunacaq. Parkın ərazisində idmansevərlər üçün mini turnirlər, yarışlar, interaktiv oyunlar təşkil ediləcək, şahmat yarışlarında iştirak etmək, Olimpiya çempionları ilə görüş fürsəti yaradılacaq.

N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası üçün ayrılmış meydançada kosmos, planetlər barədə maraqlı faktlar təqdim ediləcək.

Yüksək texnologiyaya maraq göstərən uşaqlar interaktiv dərslərdə dronların hazırlanma prosesi ilə də tanış ola biləcəklər.

Arxeoloji meydançada bu sahəyə maraq göstərən uşaqlar şərti axtarış apararaq qum altından müxtəlif arxeoloji tapıntı maketləri aşkar etmək fürsəti qazanacaqlar.

Mini fermada isə heyvanlarla ünsiyyət qurmaq imkanı yaradılacaq.

Festival çərçivəsində Azərbaycan Avtomobil Federasiyası uşaqlar üçün yol hərəkəti qaydalarına dair təlim təşkil edəcək.

Art zona, kitabsevərlər guşəsi, rəqs meydançaları, kater yarışı, konsert proqramları və digər əyləncələr balacalara gözəl xatirəyə dönəcək anlar yaşadacaq. Keçirilən müsabiqələrdə qaliblərə və iştirakçılara müxtəlif hədiyyələr təqdim olunacaq.

Leave a Reply Cancel reply