Şarl Mişel İlham Əliyev və Nikol Paşinyan ilə görüşünün nəticələri ilə bağlı bəyanatla çıxış edib

Mayın 22-də Brüsseldə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan ilə görüşü olub.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel Azərbaycan prezidenti Əliyev və Ermənistanın baş naziri Paşinyan ilə üçtərəfli görüşdən sonra mətbuata bəyanatla çıxış edib:

“Bu gün mən Azərbaycan prezidenti İlham Əliyevi və Ermənistanın baş naziri Nikol Paşinyanı yenidən qəbul etdim. Bu, bizim qeyd edilən formatda üçüncü görüşümüz idi. Biz Cənubi Qafqazdakı vəziyyətə və Aİ-nin hər iki ölkə, eləcə də regionla daha geniş əlaqələrin inkişafına diqqət yetirdik”, – deyə Ş. Mişel qeyd edib.

Aİ prezidentinin sözlərinə əsasən müzakirə səmimi və məhsuldar keçib. Tərəflər bütün məsələləri müzakirə ediblər. Humanitar məsələlər, o cümlədən minaların təmizlənməsi, məhbusların azad edilməsi və itkin düşmüş şəxslərin taleyinin həlli istiqamətində səylər barədə ətraflı danışılıb və aşağıdakı nəticələrə nail olunub:

Sərhəd məsələləri

Yaxın günlərdə dövlətlərarası sərhəddə Sərhəd Komissiyalarının ilk birgə iclası keçiriləcək. O, sərhədin delimitasiyası və sabit vəziyyətin ən yaxşı şəkildə necə təmin edilməsi ilə bağlı bütün suallara cavab verəcək.

Kommunikasiyalar

Liderlər nəqliyyat əlaqələrinin açılmasına davam etməyin zəruriliyi ilə bağlı razılığa gəliblər. Onlar Qərbi Azərbaycanla Naxçıvan arasında və Ermənistanın müxtəlif bölgələri arasında Azərbaycandan keçməklə tranzit, eləcə də hər iki ölkənin kommunikasiya infrastrukturu vasitəsilə beynəlxalq daşımaları tənzimləyən prinsiplər barədə razılığa gəliblər. Xüsusilə, onlar sərhəd idarəçiliyi, təhlükəsizlik, torpaq haqları, həmçinin beynəlxalq daşımalar kontekstində gömrük prinsipləri barədə razılığa gəliblər. Baş nazirin müavinləri yaxın günlərdə bu işi davam etdirəcəklər.

Sülh müqaviləsi

Liderlər Ermənistan və Azərbaycan arasında dövlətlərarası münasibətləri tənzimləyən gələcək sülh müqaviləsi ilə bağlı müzakirələri davam etdirmək barədə razılığa gəliblər. Xarici işlər nazirlərinin başçılıq etdiyi qruplar bu prosesi yaxın həftələrdə irəli aparacaq. Bu trekdən əlavə Şarl Mişel hər iki liderə Qarabağdakı etnik erməni əhalisinin hüquqlarının və təhlükəsizliyinin təmin edilməsinin zəruri olduğunu vurğulayıb.

Sosial-iqtisadi inkişaf

Aİ hər iki tərəflə hər iki ölkənin və onların əhalisinin rifahı naminə iqtisadi inkişafı təşviq etməyi çalışan İqtisadi Məsləhət Qrupunun işini davam etdirəcək.

Ş. Mişel həmçinin əhalinin uzunmüddətli davamlı sülhə hazırlanmasının vacibliyini vurğulayıb və Aİ dəstəyini gücləndirməyə hazır olduğunu qeyd edib.

Sonda tərəflər sıx əlaqə saxlamağa razılaşıblar və iyul/avqust aylarında eyni formatda yenidən görüşəcəkləri ilə bağlı razılığa gəliblər.

Leave a Reply