Salyan rayonunda tektonik qırılma zonası aşkar edilib

Salyan rayonu ərazisinin kosmik təsvirləri bu ərazidə tektonik qırılmanın olmasını göstərib, lakin bunu təsdiqləmək üçün yerində tədqiqat işləri aparılmalıdır ki, seysmik təhlükənin qarşısının alınması üçün işlər görülsün.

TIME rəsmi məndəyə istinadən bildirir ki, Azərbaycan Milli Elmlər Akademiyası ilə Oksford Universiteti arasında elmi əlaqələrin yaradılması istiqamətində imzalanmış Anlaşma Memorandumuna əsasən, Azərbaycan ərazisinin seysmikliyi və tektonik aktivliyinin öyrənilməsi sahəsində AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinın əməkdaşları ilə bir aya yaxın müddət ərzində Ağsu, İsmayıllı, Göyçay, Qobustan, Salyan və Şirvan rayonlarında birgə tədqiqatlar aparıblar.

AMEA nəzdində RSXM-nin baş direktoru Qurban Yetirmişli birgə tədqiqatların aparılmasında məqsəd Azərbaycan ərazisində infrastruktur və əhali üçün ciddi seysmik təhlükə yarada biləcək tektonik qırılmaların müəyyən edilməsi olduğunu qeyd edib.

Onun sözlərinə görə, Oksford Universiteti Qlobal Naviqasiya Sistemləri Vasitəsi ilə (GNSS) Cənubi Xəzər hövzəsi və Azərbaycan ərazisində zəlzələlərin öyrənilməsi, Azərbaycan ərazisində seçilmiş zonalar üzrə paleseysmoloji tədqiqatların aparılması və aktiv tektonik qırılmaların müəyyən edilməsi istiqamətlərində RSXM-lə birgə uzun müddətli tədqiqatlar aparmaq niyyətindədir. Artıq tədqiqatların ilkin mərhələsi başlayıb. Ümumilikdə, ilkin tədqiqatlar 23 gün davam edib və bu müddətdə seçilmiş rayonlar üzrə dron çəkilişləri olub. Paleseysmik tədqiqatlar məqsədi ilə xəndəklər qazılıb, seysmik cihazlarla qırılma sahələrində və palçıq vulkanlarının ətrafında ölçmə işləri aparılıb. O, Azərbaycan ərazisində aparılan paleseysmoloji tədqiqatların ilkin nəticələri və gələcəkdə görüləcək işlər haqqında da danışıb.

Daha sonra Oksford Universitetinin əməkdaşları – Zəlzələlər və aktiv tektonika üzrə fəlsəfə doktorları  – İan Pierce və  Ben Johnson RSXM əməkdaşları ilə birlikdə aparılan tədqiqatların ilkin nəticələri və alınmış nəticələr haqqında təqdimatlarla çıxış ediblər. Hər iki məruzəçi tədqiqatlar zamanı alınmış yeni nəticələrdən danışarkən bu istiqamətlərdə araşdırmaların davam etdiriləcəyini qeyd ediblər. Həmçinin, bu tədqiqatlardan alınmış nəticələrə dair birgə elmi məqalələrin yazılması da nəzərdə tutulur. 

AMEA və Oksford Universitetinin təmsilçisi Rəşid Cavanşir isə bildirib ki, layihənin həyata keçirilməsində əsas məqsədlərdən biri də birgə yeni elmi tədqiqat istiqamətlərinin müəyyən edilməsi və Azərbaycanın gənc alim və mütəxəssislərinin Oksford Universitetində elmi tədqiqatlara cəlb olunması, eləcə də qarşılıqlı təcrübə mübadiləsinin aparılmasıdır. 

AMEA-nın vitse-prezidenti, akademik İbrahim Quliyev isə aparılan tədqiqatların böyük əhəmiyyət kəsb etdiyini qeyd edərək, bu tədqiqatlar nəticəsində yeni nəticələrin əldə olunacağına inandığını bildirib.

Leave a Reply