İqlim dəyişikliyinin kənd təsərrüfatına təsiri ilə bağlı müzakirələr aparılıb

“Caspian Agro 2022” sərgisi çərçivəsində “İqlim dəyişikliyinin kənd təsərrüfatına təsiri” mövzusunda panel sessiya keçirilib.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, Sessiyada Kənd Təsərrüfatı Nazirliyinin Torpaqdan istifadəyə nəzarət şöbəsinin müdiri Firuddin Tağıyev, Tərəvəzçilik Elmi -Tədqiqat İnstitutunun direktoru Elmar Allahverdiyev, Əkinçilik Elmi -Tədqiqat İnstitutunun direktoru Faiq Xudayev, Heyvandarlıq Elmi -Tədqiqat İnstitutunun direktoru Mahir Hacıyev və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva mövzu ilə bağlı təqdimatla çıxış ediblər.

Bildirilib ki, iqlim dəyişikliyi kənd təsərrüfatı sahəsinin qarşısında yeni çağırışlar formalaşdırır. Yeni texnologiyalar və rəqəmsal həllərin tətbiqi iqlim dəyişikliklərinin təsirlərini minimuma endirməyə, torpaq və su resurslarından davamlı və düzgün istifadəyə imkan verir.  Tədbirdə çıxış edənlər, yeni çağırışlara uyğun dayanıqlı kənd təsərrüfatı sisteminin yaradılması ilə davamlı inkişafın təmin edilməsi, ətraf mühiti qorumaqla məhsuldarlığın artırılması, aqrar sahədə elmi yeniliklər, innovasiya və rəqəmsal həllərin tətbiqinin genişləndirilməsinin xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayıblar.

Torpaqların mühafizəsi, biomüxtəlifliyin qorunması, torpaq çirklənməsinin qarşısının alınması, su resurslarından səmərəli istifadə, gübrələrdən düzgün istifadənin təşviqi və effektiv torpaq idarəçiliyinin qurulması istiqamətində  müzakirələrdə yerli  mütəxəssislər öz fikirlərini bölüşüblər.

Panel sessiyalarda mövzular ətrafında fikir mübadiləsi aparılıb, mütəxəssislər iştirakçıların suallarını cavablandırıblar.

Leave a Reply