“SHE Congress” canlı görüşlərə qayıdıb

Azərbaycanın lider qadınları üçün əsas biznes tədbiri olan “SHE Congress” canlı görüşlərə qayıdıb.

TIME bildirir ki, bu gün JW Marriott Absheron Baku otelində Azərbaycan və digər ölkələrin iş qadınlarını bir araya gətirən sayca dördüncü SHE Congress – irimiqyaslı beynəlxalq tədbiri öz işinə başlayıb.

Adında qadınlar üçün məxsusi özəllikləri ifadə edən sözləri – Smart, Happy, Elegant (Ağıllı, Xoşbəxt, Zərif) – birləşdirən tədbir, ilk dəfə 2014-cü ildə Kiyevdə keçirilib, 2017-ci ildən etibarən isə üç dəfə uğurla Bakıda baş tutub və 2500-dən çox qadın üçün görüş yerinə çevrilib.

Bu ilki konqres öz qapılarını Azərbaycan, Avropa və Asiyanın digər ölkələrindən olan 300 iş qadınına açacaq.

Tədbirin açılışında çıxış edən Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri
Orxan Məmmədov deyib:
“Ümumiyyətlə, qadın sahibkarlığının inkişafı Agentliyin fəaliyyətinin prioritet istiqamətlərindən biridir, tərəfimizdən qadın sahibkarlığının inkişafı, kiçik və orta sahibkarlıq subyektləri arasında qadınların sayının artırılması istiqamətində tədbirlər həyata keçirilir. Öz biznesini qurmaq və sahibkar olmaq istəyən qadınlar KOBİA-nın dəstək və xidmətlərindən yararlana bilərlər”.
Uzun illər qadınların cəmiyyətdə üzləşdikləri problemlərlə məşğul olan Milli Məclisin Ailə, Qadın və Uşaq Məsələləri komitəsinin sədri Hicran Hüseynova müasir Azərbaycan qadınının hərtərəfli
inkişafının vacibliyini qeyd edib.

“Bəli, biz həmişə deyirik ki, cəmiyyətimizin, dövlətimizin əsas özəyi ailədir. Amma gender
bərabərliyindən danışırıqsa, qadın və kişi ayrı-seçkiliyinin aradan qaldırılması üzərində çalışmalıyıq. Ailə öhdəlikləri qadının işləməsinə, oxumasına və özünü təsdiq etməsinə heç vaxt mane ola bilməz. Əksinə, qadın ailəsinin dəstəyi ilə inkişaf edir. İqtisadi cəhətdən müstəqil, savadlı, fəal qadın öz ailəsinə, cəmiyyətə layiqli töhfə verə bilər. Öz gücünə inanması və başqalarına dəstək olması üçün qadınlara birlikdə kömək etməliyik”, – deyə H.Hüseynova bildirib.

USAİD-in Azərbaycandakı nümayəndə heyətinin rəhbəri Dr. Caidev Sinq öz növbəsində qeyd edib ki, qadınların iqtisadi səlahiyyətlərinin artırılması ölkənin ümumi inkişafına töhfə verə biləcək ən mühüm vasitələrdən biridir.

“USAID qadınların biznes və peşəkar assosiasiyalarının və sahibkarlıq potensialının inkişafını
dəstəkləyir və iqtisadi islahat proqramlarının önə sürmək üçün onların biznes və iş yerlərində
əhəmiyyətini təbliğ edir. Qadınların iqtisadi imkanlarının genişləndirilməsi haqqında danışarkən,
maliyyə və bilik də daxil olmaqla, resurslara bərabər çıxış və nəzarətdən, həmçinin kişilərlə bərabər layiqli işlərə və ümumi məşğulluğa çıxışdan danışırıq. Biz inanırıq ki, qadın sahibkarlar milli iqtisadiyyatın mühüm aparıcı gücü ola bilərlər”.

Sahibkar və “SHE Congress Baku” hərakatının təsisçisi, Azərbaycan Respublikasında qadın
sahibkarlığının inkişafındakı xidmətlərinə görə “Tərəqqi” medalına layiq görülmüş Tatyana
Mikayılova öz çıxışında cəmiyyətin fəaliyyətinin bütün sahələri üçün qərar qəbulunun müxtəlif
səviyyələrində qadınların sayının artırılmasının əhəmiyyətindən və dəyərindən danışıb. O, həmçinin qeyd edib ki, qadın potensialının sistemli inkişafının yüksək və sabit gəlirli investisiyadır.

Leave a Reply