Əlilliyin qiymətləndirilməsində yeni yanaşma əsas götürülüb

Əlilliyin müəyyən olunması meyarlarının təsdiq edilməsi, əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnaməyə dəyişiklik edilib.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, Nazirlər Kabinetinin 187 № li Qərarına əsasən, əlilliyin ənənəvi üç dərəcə əvəzinə, orqanizmin funksiyalarının pozulması faizi əsasında qiymətləndirilməsi yanaşması əsas götürülmüşdür. Belə ki, I, II və III dərəcələr müvafiq olaraq 81-100 faiz, 61-80 faiz və 31-60 faiz kimi hesab olunur.

Müddət göstərilməklə müəyyən olunmuş orqanizmin funksiyalarının pozulması 31-60 faiz aralığında ardıcıl olaraq 15 il, 61-80 faiz aralığında ardıcıl olaraq 10 il və 81-100 faiz aralığında ardıcıl olaraq 4 il müddətində müəyyən olunduğu halda, eləcə də fərqli faiz aralıqları üzrə 15 il əlillik müddəti olduqda, növbəti qiymətləndirmə zamanı əlillik müddətsiz müəyyən edilir.

Qərar 2022-ci il iyulun 1-dən qüvvəyə minir. Həmin vaxtdan sonra əlillik üçün müraciət edənlərin əlilliyinin qiymətləndirilməsi yeni meyarlar əsasında aparılacaq.

Bununla da əlillik artıq ənənəvi üç dərəcə üzrə deyil, insanın həyat fəaliyyətinin 7 əsas kateqoriya (özünəqulluq, sərbəst hərəkətetmə, istiqamətseçmə, ünsiyyət, davranışına nəzarətetmə, öyrənmə, əmək fəaliyyəti) üzrə məhdudlaşma dərəcələri əsasında qiymətləndiriləcək.

Məhdudlaşma dərəcələri isə aşağıdakı kimi xarakterizə olunacaq:

  1. özünəqulluq bacarığı (insanın əsas fizioloji tələbatlarını sərbəst keçirməsi,
    gündəlik ev işləri ilə məşğul olması, şəxsi gigiyena bacarıqları):
    I dərəcə – tələb olunduğundan daha çox vaxtda, dağınıq formada,
    köməkçi texniki vasitələrdən istifadə etməklə özünəqulluq bacarığı;
    II dərəcə – mütəmadi olaraq kənar şəxslərin qismən köməyi ilə, köməkçi
    texniki vasitələrdən istifadə etməklə özünəqulluq bacarığı;
    III dərəcə – kənar şəxslərin daimi kömək və qayğısına ehtiyacın olması,
    onlardan tam asılılıqla əlaqədar özünəqulluq bacarığı;
  2. sərbəst hərəkətetmə bacarığı (sərbəst hərəkət etmək, hərəkət zamanı,
    hərəkətsizlik, bədən vəziyyəti dəyişdirilərkən bədənin tarazlığını qorumaq, ictimai
    nəqliyyatdan istifadə bacarığı):
    I dərəcə – tələb olunduğundan daha artıq vaxt sərf etməklə, dağınıq
    formada və köməkçi texniki vasitələrdən istifadə etməklə sərbəst hərəkət
    etmək bacarığı;
    II dərəcə – mütəmadi olaraq kənar şəxslərin qismən köməyi ilə, köməkçi
    texniki vasitələrdən istifadə etməklə sərbəst hərəkət etmək bacarığı;
    III dərəcə – sərbəst hərəkət etmək bacarığının olmaması, kənar şəxslərin
    daimi köməyinə ehtiyacın olması;
  3. istiqamətseçmə bacarığı (ətraf şəraitin adekvat qavranılması, olduğu və ya
    səmtləndiyi yerin (məkanın) zamana görə müəyyən edilməsi və təhlükəsizliyinin
    qiymətləndirilməsi bacarığı): I dərəcə – yalnız öyrəşdiyi vəziyyətlərdə, yaxud köməkçi texniki vasitələrin köməyi ilə sərbəst istiqamətseçmə bacarığı;
    II dərəcə – mütəmadi olaraq kənar şəxslərin qismən köməyi ilə, köməkçi
    texniki vasitələrin istifadəsi ilə sərbəst istiqamətseçmə bacarığı;
    III dərəcə – istiqamətseçmə bacarığının olmaması və kənar şəxslərin
    köməyinə daimi ehtiyacın olması;
  4. ünsiyyət bacarığı (məlumatın qavranılması, təhlili, yadda saxlanması, istifadəsi,
    ötürülməsi yolu ilə insanlarla ünsiyyət qurmaq bacarığı):
    I dərəcə – məlumatın qəbulu, ötürülməsi sürətinin azalması və köməkçi
    texniki vasitələrdən istifadə etməklə ünsiyyət qurmaq bacarığı, eşitmə
    orqanının hissəvi zədələnməsi zamanı isə qeyri-verbal ünsiyyət metodları
    və surdotərcümə xidmətindən istifadə edərək ünsiyyət qurmaq bacarığı;
    II dərəcə – mütəmadi olaraq kənar şəxslərin qismən köməyi ilə və köməkçi
    texniki vasitələrdən istifadə edərək ünsiyyət qurmaq bacarığı;
    III dərəcə – ünsiyyət qurmaq bacarığının olmaması və daim kənar
    şəxslərin köməyinə ehtiyacın olması;
  5. davranışına nəzarətetmə bacarığı (özünü dərk etmək, sosial, hüquqi və mənəvi-
    etik normaları ehtiva edən adekvat davranış bacarığı):
    I dərəcə – davranışına nəzarətetmə bacarığının mütəmadi olaraq
    məhdudlaşması və (və ya) qismən özünü idarə etmək imkanı ilə həyati
    vacib funksiyaların yerinə yetirilməsində çətinliyin olması;
    II dərəcə – davranışına nəzarət bacarığının daimi azalması və yalnız
    kənar şəxslərin mütəmadi köməyi ilə qismən özünüidarəetmə;
    III dərəcə – davranışına nəzarətetmə və özünüidarəetmə bacarığının
    olmaması, daim kənar şəxslərin köməyinə ehtiyacın olması;
  6. öyrənmə bacarığı (bilik və bacarıqların qavranılması, təcrübənin artırılması, əldə
    edilən bilikləri gündəlik həyatda tətbiq etmək bacarığı):
    I dərəcə – psixoloji-tibbi-pedaqoji komissiyanın rəyi əsasında təhsil
    müəssisələrində və evdə yaradılan xüsusi şəraitdə köməkçi texniki
    vasitələrin köməyi ilə öyrənmək və təhsil almaq bacarığı;
    II dərəcə – psixoloji-tibbi-pedaqoji komissiyanın rəyi əsasında xüsusi
    dövlət təhsil standartları və proqramları çərçivəsində təhsil
    müəssisələrində köməkçi texniki vasitələrin köməyi ilə öyrənmək və təhsil
    almaq bacarığı;
    III dərəcə – yalnız sadə bacarıq, o cümlədən adi məişətdə sadə hərəkətlər
    qaydalarını öyrənmək bacarığı, yaxud psixoloji-tibbi-pedaqoji komissiyanın
    rəyi ilə müəyyən edilmiş ciddi orqanizm funksiyası pozuntuları səbəbilə
    həmin bacarıqları qavramaq çətinliyinin olması;
  7. əmək fəaliyyəti bacarığı (işin yerinə yetirilməsinə, keyfiyyətinə, həcminə və
    məzmununa dair tələblərə uyğun əmək fəaliyyəti bacarığı):
    I dərəcə – iş həcminin, iş yükünün, əməyin gərginliyinin və peşəkarlığın azalması ilə müşayiət olunan əmək fəaliyyəti bacarığı, əsas peşəsi (vəzifəsi, ixtisası) üzrə əmək fəaliyyətini davam etdirə bilməmək, lakin adi iş şəraitində əmək fəaliyyətini həyata keçirmək bacarığı;
    II dərəcə – əlilliyi olan şəxslərə uyğunlaşdırılmış iş yerlərində köməkçi texniki vasitələrdən istifadə edərək əmək fəaliyyətini həyata keçirmək
    bacarığı;
    III dərəcə – orqanizmin funksiyalarının ciddi pozuntuları səbəbindən sadə
    əmək fəaliyyətinin qeyri-mümkünlüyü, yaxud kənar şəxslərin əhəmiyyətli
    köməyi ilə həyata keçirmək bacarığı.
    Qeyd olunan bacarıqların III dərəcə məhdudlaşması halı orqanizmin funksiyalarının
    81-100 faiz, II dərəcə məhdudlaşması halı 61-80 faiz, I dərəcə məhdudlaşması halı 31-60
    faiz pozulması kimi nəzərə alınacaq və bu əsasda da əlillik təyin olunacaq.
    Yeni meyarlar əlillik təyinatlarında həssas və obyektiv yanaşmanın, ünvanlılıq və
    sosial ədalətin təmin edilməsinə, bu sahədə qabaqcıl beynəlxalq standartların tətbiqinə
    xidmət edir.

Leave a Reply