Rasim Balayev Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri seçilib

Qərar Azərbaycan Kinematoqrafçılar İttifaqının İdarə Heyətinin iclasında yekdilliklə qəbul edilib.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, iclasda xalq yazıçısı Anarın təklifilə öncə kinodramaturq Rüstəm İbrahimbəyovun xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.

Daha sonra xalq yazıçısı mərhum Rüstəm İbrahimbəyovun yerinə Xalq artisti Rasim Balayevi namizəd kimi təqdim edib. İclas iştirakçıları Rasim Balayevin namizədliyini yekdilliklə təsdiqləyib.

İclasda Xalq yazıçısı Anar, Əməkdar incəsənət xadimləri Firəngiz Qurbanova, Cəmil Fərəcov, Ziya Şıxlinski, Baba Vəziroğlu, Mirbala Səlimli, rejissorlar Oleq Səfərəliyev, Nizami Abbas, Cavid İmamverdiyev, Tahir Tahiroviç, Əli İsa Cabbarov, Adil Qulamov, Xalq artistləri Həmidə Ömərova, Məbud Məhərrəmov, “Azərbaycanda dünya kinosunun 100 illiyi fondu” ictimai birliyinin direktoru Lalə Əfəndiyeva, yazıçı Nəriman Əbdülrəhmanlı iştirak ediblər.

20-30 may tarixləri arasında Azərbaycan Kinematoqrafçılar İttifaqının ümumi iclası keçiriləcək və səsvermə rəsmiləşdiriləcək.

Rasim Əhməd oğlu Balayev 8 avqust 1948-ci ildə anadan olub. 1964-1969-cu illərdə Azərbaycan Dövlət İncəsənət İnstitutunda təhsil alıb.

“Azərbaycanfilm” kinostudioyasının istehsal etdiyi bir çox filmlərdə(“Nəsimi”, “Dədə Qorqud”, “Babək”, Birisigün gecəyarısı”, “Qanlı zəmi”, “İstintaq”, “Qatır Məmməd”, “Arxadan vurulan zərbə”, “Həm ziyarət, həm ticarət”, “Qala”, “Cavid ömrü” və s.) əsas rollarda çəkilib. Eyni vaxtda “Özbəkfilm” “Mosfilm” və b. studiyalarda da  filmlərə çəkilib.

1990-cı ildən 2013-cü ilə qədər Azərbaycan Kinematoqrafçılar İttifaqının I katibi olub.

Leave a Reply